“Günəşli” yatağının 19-cü özülündəki quyuda yanğın söndürülüb – YENİLƏNİB

1069

Bakı. 27 sentyabr. “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda dünən başlayan yanğın söndürülüb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın bu gün yaydığı birgə məlumatdə qeyd olunub ki, sentybarın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb.

Qeyd olunub ki, hazırda SOCAR-ın mütəxəssisləri tərəfindən özüldə təmir-bərpa işləri aparılır.

*** 09:38

Bakı. 27 sentyabr. Dayazsulu “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda dünən başlayan yanğın söndürülüb.

“Report”un məlumatına görə, yanğının səhər saatlarında söndürülməsi mümkün olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Axşam saatlarında FHN və SOCAR-ın birgə bəyanatında qeyd olunub ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

REPORT.AZ