Gəmiçiliyin Türkiyə Respublikasındakı nümayəndəliyinin hesabatı

1165

Sentyabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin rəhbərliyi ilə keçirilən yığıncaqda Gəmiçiliyin Türkiyə Respublikasındakı (İstanbul) nümayəndəliyinin cari ildə gördüyü işlər barədə hesabatı dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Gəmiçiliyin İstanbuldakı nümayəndəsi Təməl Motorcu Xəzərdənkənarda üzən donanmamızın səmərəli istismarı, gəmilərin təmiri, yaranan problemlərin qısa müddətdə aradan qaldırılması, heyət üzvləri ilə bağlı məsələlərin vaxtında həlli üçün zəruri saydığı tədbirləri yığıncaq iştirakçılarının diqqətinə təqdim edib.

Hesabat yığıncağında nümayəndəliyin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün səslənən təkliflər barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr bir daha müzakirə olunub. Cəmiyyətin sədri Rəuf Vəliyev yekun çıxışında xüsusi ilə qeyd edib ki, uzun fasilədən sonra gəmilərimizin müstəqil Azərbaycanımızın üçrəngli bayrağı altında xarici sularda üzməsi hər birimizdə qanuni iftixar hissi doğurur. Bununla belə, quru yük gəmilərimizin Xəzərdənkənar sularda möhkəmlənməsi üçün hələ çox iş görülməlidir. Bu baxımdan Gəmiçiliyin İstanbuldakı nümayəndəliyinin də fəaliyyəti böyük önəm kəsb edir. Sədr əmin olduğunu bildirib ki, nümayəndəliyin işçiləri çiyninə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, quru yük gəmilərimizin xarici sularda uğurlu səfərlərinə, donanmamızın gəlirlə işləməsinə öz sanballı töhfələrini verəcəklər.