Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik...

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və komitə üzvləri Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.

297
0

Səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov millət vəkillərinə yeni Bakı Limanının inkişaf konsepsiyası haqqında məlumat verib və yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini qeyd edib.

Daha sonra millət vəkilləri yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olmuşlar. Bundan əlavə əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, eləcə də Bakı Limanında fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verilmişdir.

Millət vəkili, akademik Ziyad Səmədzadə yeni Bakı Limanının cənab Prezidentin elan etdiyi ciddi islahatlar proqramında mühüm yer tutduğunu qeyd etdi. Onun sözlərinə görə Ələtdə yeni Bakı Limanı və Azad Ticarət Zonasının yaradılması həm Azərbaycan, həm də regional inkişafa təsir edəcək: “yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq, Ələt qəsəbəsinin sakinləri işlə təmin olunacaq, xidmət və logistika sahəsində çalışan mütəxəssislərə tələbat artacaqdır. Bütün bunlar cənab Prezident İlham Əliyevin iqtisadi və sosial siyasətinin tam mahiyyətini əhatə edərək vətəndaşların sosial rifahına müsbət təsir göstərəcək və dünyada tanınan qlobal şirkətlərin ölkəmizə sərmayə qoymasına səbəb olacaqdır.”

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 17 mart 2016-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixində məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti arasında müqavilə imzalanıb. DP World 1985-ci ildən fəaliyyət göstərən Jəbəl Əli limanı və Sərbəst Zonanı (JAFZA), dünya üzrə daha 50 ölkədə 77 quru və dəniz terminallarını idarə edir. Müqaviləyə əsasən məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökümətinə və Bakı Limanına məsləhətlər verəcək.

Şərh yoxdur

Şərh yaz