Yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi imkanları müzakirə edilib.

1097

Bu gün, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev İran İslam Respublikasının “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə ilə görüşüb.

Sədr Rauf Vəliyev dəniz nəqliyyatının inkişafını daim diqqətdə saxlayan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən söhbət açıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin son illərdə əldə etdiyi nailiyyətlər, donanmalarının texniki imkanları, daha müasir gəmilərlə zənginləşdirilməsi, nəqliyyat donanmasının Xəzərdənkənar fəaliyyətinin bərpası və genişləndirilməsi üçün atılan mühüm addımlar barədə qonaqlara ətraflı məlumat verib.

Qonaqlar təmsil etdikləri şirkətin çoxaspektli nəqliyyat xidmətləri göstərdiyini, maye qazın daşınması, sənaye layihələrinin işlənib hazırlanması, gəmiqayırma, neft emalı, neft kimya sahələri üçün avadanlıq və cihazların alınması və satılmasını və s. həyata keçirdiyini diqqətə çatdırıblar.

Görüşdə iki qonşu və dost ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının gəmiçilik sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib, dəniz nəqliyyatı, xüsusilə Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.