AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

753

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Dəniz Admininstrasiyasının rəhbərliyi, Administrasiyanın struktur bölmələrinin, tabeliyində olan qurumların əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Giriş nitqi ilə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirmişdir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Bununla da, zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan 70 illik fasilədən sonra son 100 il ərzində ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Əgər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müstəqilliyi cəmi 23 ay çəkmişdisə, hazırda Respublikamız artıq 25 ildir ki, beynəlxalq hüququn müstəqil subyekti — suveren dövlətdir.
Həmçinin Qüdrət Qurbanov bildirmişdir ki, müstəqilliyə gedən yol mürəkkəb siyasi proseslərlə, qanlı hadisələrlə müşayiət edilmişdir. Tarixin bu mərhələsinin canlı şahidi olduğumuzdan onların miqyası da, o hadisələri törədənlərin məramı da bizə yaxşı məlumdur. Qismətimizə düşən və ömrümüzün ən yaddaqalan hadisəsi isə Ümummilli Lider Heydər Əliyevin, xalqımızın məşəqqətləri və şəhidlərimizin qanı bahasına qazanılan bu azadlığı və müstəqilliyi dərin zəkası, fitri siyasi istedadı və əlbəttə ki, sonsuz Vətən eşqi ilə xilas etməsi olmuşdur. Bütün mənalı və şərəfli ömrü boyu “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” düşüncəsi ilə çarpışan xalqımızın dahi oğlu Heydər Əliyev müstəqilliyin ilk illərində haqlı olaraq deyirdi: “Müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çox çətindir.”
Eyni zamanda qeyd edilmişdir ki, Ümumilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir ki, ölkəmizin bu gün siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyinin göz qabağındadır və daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan Azərbaycan Respublikası dünya dövlətləri arasında özünə layiqli yer tutaraq regionda lider olan bir ölkəyə çevrilmişdir.
Bununla yanaşı Azərbaycanın əldə etdiyi uğurların real mənzərəsini görmək üçün iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrdən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatladan, eləcə də bu sahədə əldə edilmiş uğurlardan bəhs edilmişdir.
Tədbir daha sonra Administrasiyanın struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının ölkəmizin dövlət müstəqilliyinə həsr olunmuş çıxışları ilə davam etdirilmişdir.