Bakıda keçirilən biznes forumda beynəlxalq nəqliyyat dəhlizləri müzakirə olundu

1141

Noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” mövzusunda biznes forum keçirilib.

Tədbirdə MDB ölkələrini dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.

Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı, logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.

Biznes forumda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri də iştirak ediblər. Gəmiçiliyin sədr müavini Fərhad Quliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində həyata keçirilən infrastruktur layihələri haqqında forum iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Xəzərdə yeganə bərə operatoru olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri istiqamətində konteyner və vaqon daşımalarında fəaliyyəti də müstəsna əhəmiyyətə malikdir.

Biznes forumun iştirakçılarına Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikiləcək Ro-Pax tipli unikal gəmilər və şirkətin son illər  yenilənən donanması haqqında da məlumat verilib. Bildirilb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin artması gözlənilən tranzit yüklərin daşınmasında güclü potensialı var.