Gəmilərin təhlükəsiz hərəkətinə necə nəzarət edilir? –Dövlət Dəniz Administrasiyasının rəsmisi

Gəmilərin təhlükəsiz hərəkətinə necə nəzarət edilir? –Dövlət Dəniz Administrasiyasının rəsmisi

627
0

“Azərbaycan Dövlət Dəniz Administrasiyası 2001-ci ildə yaradılıb. 2006-cı il aprel ayında dövlət başçısının sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin yanında fəaliyyət göstərib. 2008-ci ilin aprel ayından isə Azərbaycan Dövlət Dəniz Administrasiyası müstəqil dövlət qurumu kimi fəaliyyət göstərir. Administrasiyada 6 şöbə, tabeçiliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat Texniki Təminat İdarəsi fəaliyyət göstərir. Ümumilikdə 235 işçisi var. Administrasiyanın funksiyalarına Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun nəzarət sisteminin həyata keçirilməsi daxildir”.

Bunu “Sosium” proqramının qonağı, Dövlət Dəniz Administrasiyası rəisinin müavini Ehtiram Rəhimov deyib. Onun sözlərinə görə, Azərbaycanda mülkiyyət növündən asılı olaraq dəniz nəqliyyatı sahəsində dövlət və qeyri-dövlət idarələrdə gəmilərin texniki vəziyyətinə nəzarət sisteminin həyata keçirilməsi birbaşa insan amili ilə bağlıdır: “Həm konvensiyaların, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin yerinə yetirilməsində əsas məsələ insan amilidir. Administrasiya bu sahədə mütəxəssislərin beynəlxalq konvensiyaya uyğun olaraq peşəkar kadr kimi yetişməsinə nəzarət sistemini həyata keçirir. Bundan başqa, təmsil etdiyim qurum gəmilərin texniki baxışına, onların vaxtaşırı təmirdən keçməsinə, zavodlarda inşa olunan zaman nəzarət sisteminin həyata keçirilməsinə nəzarət sistemini həyata keçirir”.

E.Rəhimov qeyd edib ki, Azərbaycan dövlət bayrağı altında üzən gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün Dövlət Dəniz Administrasiyasının tərkibində Uzaq Məsafədən Tanıma və İzləmə Mərkəzi Azərbaycanın qoşulduğu konvensiyaların tələblərinə uyğun olaraq yaradılıb: “Mərkəz 2011-ci ilin dekabrından fəaliyyət göstərir. Bu sistemin təqdimatı və açılışında dövlət başçısı iştirak edib. Mərkəz uzaq məsafədən, coğrafi mövqeyindən asılı olmayaraq bütün su nəqliyyat vasitələrinə nəzarəti həyata keçirir, gəmilərin hərəkətinə, istiqamətinə, hansı limana yaxın, hansı təhlükəli zonada üzməsinə nəzarət sistemini həyata keçirir. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları – Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, «Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları»na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir. Hava şəraiti və naviqasiya ilə bağlı məlumatlar bizim ərazi sularından tranzit istifadə edən, digər bayraq altında üzən gəmilərə də çatdırılır. Bildiyiniz kimi, Xəzər dənizində daimi geoloji kəşfiyyat işləri aparılır, böyük obyektlər yedəklənir, bir nöqtədən digər nöqtəyə daşınır. Təhlükəsizliyin təmin olunması məqsədilə gəmilərə bu barədə də məlumat verilir. O cümlədən gəmilərin təhlükəsiz limana girib çıxmasına, limanda təhlükəsiz dayanmasına nəzarət olunur”.

Dövlət Dəniz Administrasiyasının mətbuat katibi Tural Müseyibov bildirib ki, dolğun informasiyaya malik olmaq üçün jurnalistlərə Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılacaq: “Bizim bu mərkəz peyk və radarlar vasitəsilə bütün Azərbaycan ərazi sularında üzən gəmilərin mövqeyini, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın qoşulduğu dənizdə insan həyatının mühafizəsinə dair beynəlxalq konvensiyanın tələblərinə əsasən, Dövlət Dəniz Administrasiyasının inzibati binasında olan bu mərkəz vasitəsilə biz dünya okeanının hər hansı nöqtəsində istənilən zaman gəmilərin mövqeyini və hərəkətinin öyrənilməsini də təmin edə bilirik”.

T. Müseyibov əlavə edib ki, KİV nümayəndələrinin lazımi informasiya əldə edə bilməsi üçün bütün imkanlar yaradılacaq: “Rəhbərliyin bizim qarşımızda qoyduğu məsələlərdən biri odur ki, Azərbaycanda mətbu orqanlarla münasibətin qurulmasında heç bir problem yaşanmamalıdır. Administrasiyanın göstərdiyi bütün xidmətlər elektronlaşdırılıb. Bizim fəaliyyətimizin işıqlandırılması, informasiyanın dolğun əldə edilməsi, mətbuatla əlaqələrimizin çox rahat qurulması və heç bir problem yaşanmaması üçün saytımız daim yenilənir. Saytın təkmilləşdirilməsi, daha rahat məlumat almaq imkanlarının mövcud olması üçün işlər gedir. Bizim saytımızdan istənilən anda, istənilən informasiyanı əldə etməklə problem yoxdur. Biz tədbirləri operativ olaraq saytda yerləşdiririk. Bu gün sosial şəbəkələrin təsiri mexanizmi güclü olduğundan biz məlumatlarımızın sosial şəbəkələr vasitəsilə yayılmasını, jurnalistlərin oradan da informasiyanı daha tez əldə etməsi imkanını yaratmışıq”.

E.Rəhimov əlavə edib ki, Gürcüstan Dövlət Dəniz Administrasiyasının tərkibində Uzaq Məsafədən Tanıma və İzləmə Mərkəzinin xidmətlərindən yararlanır: “Gürcüstanda fəaliyyət göstərən dəniz nəqliyyat sistemin də bizim sistemə qoşulub. Bununla qonşu dövlət Gürcüstan bayrağı altında üzən gəmilərin nəzarətini bizim milli mərkəz vasitəsilə həyata keçirir. Qazaxıstan Respublikası ilə də danışıqlar aparılır. Bilirsiniz ki, bu Mərkəz Xəzəryanı ölkələrdən yalnız Rusiya, İran və Azərbaycanda mövcuddur. Qazaxıstan və Türkmənistan hələ ki, bu üç ölkədən birinin sisteminə qoşulmaq üçün fikirləşir. Bununla belə Qazaxıstanla hazırda bu barədə müzakirələr aparılır. Amma Azərbaycana aid ərazilərdə üzən xarici ölkələrin gəmilərinin texniki vəziyyəti, heyət üzvlərinin sağlamlığı ilə bağlı olan hansı hadisə baş verərsə, bu ölkənin müvafiq qurumları  Milli Mərkəzin operatorlarına müraciət edir.  Onlar dərhal bu məsələni Dövlət Sərhəd Xidməti ilə razılaşdırır, bu gəmilərə təhlükəsiz zona ayırır və onlara tibbi yardım edilməsini təmin edirlər. Milli Mərkəz koordinasiya rolunu oynayaraq DTX-ya məlumat verir. Digər tərəfdən Dövlət Sərhəd Xidməti bizim sularımıza daxil olmağa icazə verir. Bundan başqa, Administrasiyanın Fövqəladə Hallar Nazirliyi ilə birbaşa əlaqələri də var. Hadisə baş verəndə Nazirlik məlumatlandırılır və ilk yardım Fövqəladə Hallar Nazirliyinin işçiləri tərəfindən aparılır. Bizim regionumuz coğrafi mövqeyinə görə tranzit zonada yerləşir, pis hava şəraitində digər dövlətlərin bayraqları altında üzən gəmilər bizim ərazi sularımızdan keçir. Bu zaman problem yaranarsa, icazə əsasında təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərdən onlara yardım göstərilir”.

Gəmilərə texniki nəzarətə gəlincə, E.Rəhimov qeyd edib ki, Administrasiyanın tabeçiliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin müfəttişləri tərəfindən texniki nəzarət üçün ölkəyə daxil olan gəmilərə mütəmadi baxış keçirilir: “Bildiyiniz kimi, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən dəniz nəqliyyatı idarələri gəmilərə nəzarət sistemi ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə yaxından bələddir. Administrasiyanın tabeçiliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin müfəttişləri tərəfindən texniki nəzarət üçün daxil olan gəmilərə baxış keçirilir. Konvensiyanın tələblərinə uyğun olaraq müvafiq qaydada aktlar tərtib olunur və düzəlməsi mümkün olan gəmi liman ərazisində saxlanaraq nasazlıqlar aradan qaldırılır, mühəndislər tərəfindən yenidən baxış keçirilir. Bundan sonra gəmilərə öz səfərlərinə davam etməklə bağlı icazə verilir. Bu, beynəlxalq nəzarət sistemidir. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da nəzarət sistemi beynəlxalq standartlara uyğun həyata keçirilir”.

Rəis müavini əlavə edib ki, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin tam fəaliyyət göstərməsi üçün cari ildə bir çox işlər görülüb. Onun sözlərinə görə, Azərbaycana aid olan ərazilərdə sahil qəbuledici-ötürücü stansiyalar yaradılıb: “Bu stansiyalar Yalama, Siyəzən, Ələt, Neftçala, Astara və Çilov adasında yerləşir. Stansiyaların tam fəaliyyət göstərməsi üçün həm daimi, həm də alternativ enerji mənbələri yaradılıb. Enerji mənbəyinin birindən enerji kəsilərsə, alternativ mənbədən istifadə olunur. Bilirsiniz ki, bunun təmin olunması o qədər də asan deyil. Amma Administrasiya bu il bunun öhdəsindən gəlib. Bütün regionumuzda bu gün çalışan qəbuledici-ötürücü stansiyalar həm daimi, həm də alternativ enerji mənbələri ilə təmin olunub”.

Administrasiya rəsmisi qeyd edib ki, hazırda Azərbaycan dövlət bayrağı altında ümumi tutumu 1 milyon tona yaxın 826 gəmi üzür: “Xarici sularda da texniki vəziyyətə, gəminin inşa ilinə çox fikir verilir. Köhnə gəmilərə ciddi nəzarət olunur. Ona görə də hər bir gəmi xarici sularda üzə bilmir. Bu səbəbdən bizim bütün standartlara cavab verən Azərbaycan dövlət bayrağı altında 10 gəmimiz xarici sularda  üzür. Bu gəmilər Aralıq, Qara və Azot dənizlərində, ümumiyyətlə xarici sularda yük dövriyyəsini həyata keçirirlər. Hazırda ölkə daxilində daşımalar kənd təsərrüfatı məhsulları, tikinti materialları və digər məhsulları əhatə edir. Xarici sularda isə təhlükəli yüklər, tikinti materialları da daxil olmaqla müxtəlif yüklər daşınır. Gəminin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması, heyətin bütün beynəlxalq sənədlərlə və şəhadətnamələrlə təmin olunması, onun naviqasiya avadanlıqlarının bugünkü tələblərə uyğun olmasına ciddi fikir verilir. Təhlükəsizliyin təmin olunması yükün, gəminin və heyət üzvünün təhlükəsizliyinin təmin olunması başa düşülür”.

Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə gəlincə, E.Rəhimov vurğulayıb ki, ADDA-nın 17 xidməti elektronlaşdırılıb: “Burada mülkiyyət növündən asılı olmayaraq Azərbaycanın dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin ADDA-ya müraciətləri operativ olaraq cavablandırılır. Təhlükəsizliklə bağlı müvafiq sertifikatların alınması, heyət üzvlərinin bəzi sənədlərinin alınması üçün elektron xidmət tam fəaliyyət göstərir”.

T.Müseyibov da əlavə edib ki, istər fiziki, istərsə də hüquqi şəxslərin müraciətlərinə dərhal cavab verilməsi Administrasiya üçün xüsusi önəm daşıyır: “Administrasiyanın fəaliyyətinin əks olunması, insanların suallarını rahat verməsi və cavablandırması rəhbərliyin hər gün diqqət mərkəzindədir. Sayta daxil olduğunuz andan etibarən onlayn bölmə açılır. Saytda axtarış etmək tələb olunur. Burada hər bir müraciət edən şəxs ad və familiyasını qeyd edərək müraciətlərini ünvanlaya bilər. Ünvanlanan suallar dərhal cavablandırılır, əgər sualların cavablandırılması üçün araşdırma tələb olunursa, müraciətlər aidiyyatı orqana yönləndirilir. Müraciətlər yazılı surətdə cavablandırılır, lazım gələrsə, müraciət edən şəxs Administrasiyasına dəvət olunur. Şəffaflığın təmin olunması üçüm gəmi yoxlanılması prosesinə də mətbuat dəvət olunacaq. Gələcəkdə saytımız daha da təkmilləşdiriləcək. Artıq bu istiqamətdə iş gedir. Bundan əlavə, Administrasiyanın tabeli qurumlarında öz əksini tapan dənizçilərə şəxsiyyət vəsiqəsinin verilməsi, yoxlamaların həyata keçirilməsi mərhələli şəkildə dəvət olunacaq. Bu gün hər kəsin mütəmadi istifadə elədiyi sosial şəbəkələrdən də istifadə olunacaq”.

Şərh yoxdur

Şərh yaz