SOCAR Türkmənistanda beynəlxalq neft-qaz sərgi-konfransında iştirak edib

806

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aşqabadda keçirilmiş “Turkmenistan Oil & Gas-2016” XXI Beynəlxalq Sərgi-Konfransda ayrıca pavilyonla təmsil olunub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, sərgi-konfransda şirkətin geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Konfransa ABŞ, Avropa, Asiya, Yaxın Şərq və MDB-nin 21 ölkəsindən 110 şirkət qatılıb.

Tədbirin açılış mərasimində Türkmənistan baş nazirinin müavini Yaxşigəldi Kakayev və onu müşayət edən şəxslər SOCAR-ın pavilyonunda olub, onlara Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində əldə edilən uğurlar və nailiyyətlər barədə ətraflı məlumat verilib, SOCAR-ın imkanlarını əks etdirən eksponatlar nümayiş etdirilib. Y.Kakayev Azərbaycanın və SOCAR-ın uğurlarını maraqla izlədiklərini söyləyib, xoş arzularını bildirib.

“Sərgi müddətində SOCAR pavilyonunda nümayiş olunan eksponatlar, ziyarətçilərə təqdim edilən jurnal-bülleten və reklam xarakterli suvenirlər yerli və xarici qonaqlarda böyük maraq doğurub. Ümumilikdə, 1 350-dən artıq xarici qonaq və Türkmənistanın 1 000-ə yaxın dövlət nümayəndəsi sərgi-konfransı ziyarət edib” – SOCAR-dan qeyd olunub.