TANAP-a təxminən 4 mlrd. dollar cəlb ediləcəyi gözlənilir

752

Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə maliyyə vəsaitinin cəlb olunması üçün banklarla danışıqlar davam edir. Hələlik dəqiq olmayan məlumata görə, layihəyə təxminən 4 mlrd. dollar məbləğində vəsait cəlb ediləcəyi hesablanır. Bunu “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti şirkətin Türkiyədəki layihələri başa çatdıqda investisiya həcminin 18 mlrd. dolları ötəcəyini qeyd edib. R.Abdullayev SOCAR olaraq Türkiyəyə və Türkiyə iqtisadiyyatına güvəndiklərini və həyata keçirilən sərmayələrin bu etibarın ən böyük sübutu olduğunu əlavə edib: “Türkiyənin köklü dövlətçilik ənənəsi, güclü demokratiya anlayışı və sürətlə böyüyən iqtisadiyyatı ilə başda region olmaqla bütün dünyanın qabaqcıl ölkələri arasında yerini tutacağına inanırıq. Qısa müddətdən sonra Türkiyə enerji körpüsü ölkəsi olaraq dünyadakı yerini daha da gücləndirəcək. Sərmayələrimizə Türkiyədən böyük dəstək və maraq görmüşük. Bu əməkdaşlığın gələcəkdə də “Bir millət, iki dövlət” anlayışı ilə daha da güclənərək davam edəcəyinə ürəkdən inanıram”.

O, “STAR” neft emaı zavodunda işlərin gedişindən də danışaraq qeyd edib ki, indiyədək 3,7 mlrd. dollar vəsait sərf olunan bu neft emalı zavodunun 80%-i tamamlanıb, zavod 2018-ci ildə istehsala başlayacaq: “Mexanika və avadanlıq quraşdırılması üçün lazımi infrastrukturun qurulmasının ardınca, 2015-ci ilin dekabrından etibarən ağır avadanlıqların daşınması başlayıb və 2016-cı ilin ortalarında tamamlanıb. 2016-cı ilin son ayları və 2017-ci il boyunca anbarların hazırlanması, maşın və avadanlıqların montajı davam etdiriləcək, 2018-ci ildə “STAR” neft emalı zavodunun istifadəyə veriləcəyini proqnozlaşdırırıq. Türkiyəyə sərmayələrimiz tamamlandıqda ümumilikdə 18 mlrd. dolları ötəcək”.

SOCAR prezidenti TANAP haqqında da danışıb: “TANAP üçün xarici maliyyələşməni davam etdirmək məqsədi ilə xarici banklarla müzakirələr davam etdirilir. Hələ layihə üçün təxminən 4 mlrd. dollar cəlb edə biləcəyimizi proqnozlaşdırırıq. Layihənin maliyyələşməsi üçün Dünya Bankı Qrupunda yer alan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Çoxtərəfli Zəmanət İnvestisiya Agentliyi, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müzakirələrimiz davam edir. Azərbaycan dövlətinin TANAP-dakı hissədarı olan “Cənub Qaz Dəhlizi” (SGC) şirkətinin əlindəki 58%-lik payın 8%-ni “SOCAR Turkey”ə yönəltmək fikri var. Bu mövzuda ortaqlarımızla lazımi müzakirələrə başladıq. Bu transferin də tezliklə rəsmiləşməsini gözləyirik”.

R.Abdullayev deyib ki, SOCAR Türkiyə və Avropanın enerji təminatında mühüm rol oynayan bu layihədə əsas söz sahibi olmağa çalışır: “İlkin olaraq ildə 16 mlrd. kubmetrin təchiz edilməsi məqsədi ilə başlayan layihə gələcəkdə artacaq istehsal imkanlarımızla birlikdə 31 mlrd. kubmetrə qədər genişlənəcəyini proqnozlaşdırırıq. Boru kəmərlərinin tutumunun artırılması imkanları buna görə layihələndirilib. 2018-ci ilin ortasında Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropa İttifaqı ölkələrinə ilk qaz satışına başlamağı planlaşdırırıq. İnvestisiyalarımızla Azərbaycan orta və uzun müddətdə Türkiyənin ikinci böyük, Avropanın isə seçilən qaz təchizatçıları arasına girmiş olacaq və bundan həm istehsal edənlər, həm daşıyanlar, həm də son istehlakçılar qazanmış olacaq”.

SOCAR prezidenti əlavə edib ki, təmsil etdiyi qurum son 9 ildə reallaşdırdığı müxtəlif investisiya strategiyaları ilə ümumi varlıqlarını və ümumi sərmayəsini ciddi nisbətdə artırıb: “Goldman Sachs” “Petlim” limanının 30%-nə, “SOCAR Turkey Enerji AŞ”-nin isə 13%-nə sahibdir. İndi əsas hədəfimiz bu ortaqlıqdan irəli gələn bütün işləri həll etməkdir. Bazardakı konyunkturanı yaxından təqib edirik. Yeni fürsətlər olduqda, qiymətləndirmə aparırıq. SOCAR-in aktivləri beynəlxalq maliyyə və investisiya şirkətlərinin diqqətini cəlb edir”.