“Abşeronneft” NQÇİ bu il 385 min ton neft hasil etməyi planlaşdırır

1041

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin neft-qaz çıxarma idarələrindən olan “Abşeronneft” NQÇİ-i 2016-cı ili rekord hasilat göstəricisi ilə başa vurub.

“Azneft”dən “Report”a verilən məlumata görə, “Abşeronneft” NQÇİ 2016-cı il ərzində nəzərdə tutulan 313 900 ton plana qarşı 363 671 ton neft hasil edərək, planın 15,9% çox yerinə yetirilməsinə nail olub. Plandan əlavə 49 771 ton neft hasil edilib. Əvvəlki il ilə müqayisədə isə 40 450 ton, yəni 12,5% artıq neft əldə edilib. 2017-ci ildə neft hasilatının 385 min tona çatdırılması (yəni, orta gündəlik 1 055 ton) qarşıya hədəf qoyulub.

Qeyd olunub ki, illər üzrə dinamikadan da görsəndiyi kimi, 1986-cı ildən etibarən sürətlə azalmanın baş verdiyi “Abşeronneft” NQÇİ son illər ərzində ilbəil neft hasilatının artımına nail olub.

İB-dən bildirilib ki, bu il qaz hasilatı planı da artıqlaması ilə – 1% çox yerinə yetirilib. Plan üzrə 44,2 mln. kubmetr qaz əvəzinə 44,666 mln. kubmetr qaz hasil edilib. Yəni, plandan əlavə 466 min kubmetr qaz əldə edilib: “Rekord həddə çatmada əsas təsiredici amillərdən biri, idarənin balansındakı quyu fondu üzərində aparılan əməliyyatların bəhrəsi olub. Bunun nəticəsidir ki, keçici quyu fondundan 2012-ci ildə 168 554 ton, 2013-cü ildə 204 756 ton, 2014-cü ildə 236 044 ton, 2015-ci ildə 272 696 ton, bu il isə 305 896 ton neft alınıb. Cari il ərzində fəaliyyətsiz quyu fondundan 24 quyu nəzərdə tutulduğu halda 33 quyu təmir edilərək istismara qaytarılıb”.

Bildirilib ki, hasilatın artmasının başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub. Belə ki, cari il ərzində qazmadan 23 yeni quyu istismara daxil edilib və bu quyulardan 42 912 ton neft hasil edilib.

“İstismarda olan quyularda neft hasilatını stabil saxlamaq məqsədi ilə il ərzində çoxsaylı geoloji-texniki tədbirlər keçirilib və onlardan müsbət nəticələr alınıb. Görülən işlərlə yanaşı 2013-cü ildən başlayaraq İdarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin sonunda 88 quyuya çatdırılıb. Bu quyulardan hasil edilən neft 1 984 tondan ilin sonunda 101 589 tona çatdırılıb. İdarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilib. Ötən il quyudibi zonanın turşu ilə işlənməsi 25 quyuda tətbiq olunub və 510 ton əlavə neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq olunub və 290 ton əlavə neft əldə edilib”, – deyə qurumdan bildirilib.

Qeyd olunub ki, son illər ərzində İdarənin istismar etdiyi yataqlarda irimiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilib. Belə ki, 11 stasionar dəniz özülü əsaslı təmir edilib və bu özüllərdə fəaliyyətsiz fondda olan 34 quyu əsaslı təmir edilərək istismara qaytarılıb. Hazırda bu quyulardan sutkalıq 100 ton neft alınır.