“Titanik”in qəzaya uğramasının yeni versiyası üzə çıxıb

775

Dövrünün böyük layneri olan “Titanik”in qəzaya uğramasına yanacaq anbarında baş vermiş yanğın səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə 30 il gəminin tarixini araşdırmaqla məşğul olmuş britaniyalı jurnalist Şenan Moloniyə istinadən “The Independent” qəzeti yazıb.

Moloninin iddiasına görə, göyərtədə yanğın gəmi Sautqempton şəhərindən (İngiltərə) çıxmamış baş verib və bir neçə həftə ərzində onu söndürmək cəhdləri uğursuzluqla nəticələnib.

Bu müddət ərzində laynerin örtüsü qızıb. Məhz buna görə aysberqlə toqquşma faciəyə gətirib çıxarıb və belə acınacaqlı sonluqla bitib.

“The Independent” yazır ki, jurnalist “Titanik” səyahətə çıxmamışdan əvvəl çəkilən şəkilləri təhlil etməyə müvəffəq olub. Tədqiqatçı aysberqlə toqquşmadan sonra gəminin zədələndiyi həmin örtü hissəsində his izləri aşkar edib. Mütəxəssislər his yerlərinin böyük ehtimal ki, laynerin yanacaq anbarlarından birində baş verən yanğın nəticəsində əmələ gəldiyini təsdiq ediblər.

Moloninin iddiasına görə, gəmi sahibləri yanğın barədə məlumatlı olublar, ancaq bu faktı sərnişinlərdən gizlədiblər. Gəmi heyətinə bu barədə susmaq tapşırığı verilib.

Yanğının təsiri nəticəsində gəminin müəyyən yerində üz qatı təqribən 1000 Selsi dərəcə temperaturadək qızıb ki, bu da 75 faizədək möhkəmliyini itirmiş polad üz qatını kövrək edib. “Titanik” səfərin 5-ci günü aysberqlə toqquşan zaman isə üz qatı dözməyib və göyərtədə böyük dəlik yaranıb.

Beləliklə, jurnalistin iddiasına görə, aysberqi 15 aprel 1912-ci ildə 1500-dən çox insanın həyatına son qoyan “Titanik” qəzasının yeganə günahkarı hesab etmək olmaz.