20 Yanvar tariximizin şərəf və qəhrəmanliq səhifəsidir

903

Yanvarın 19-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində 20 Yanvar faciəsinin 27-ci  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Qanlı Yanvar hadisələrindən  danışaraq bildirib ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, sovet imperiyası rəhbərlərinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq məqsədilə törədilib.  Başqa sözlə, 20 Yanvar qətliamı xalqımızın gözünü qorxutmaq, milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olub.  Gəmiçiliyin rəhbəri qeyd edib ki,  böyük qəddarlıqla törədilməsinə baxmayaraq, bu qətliam xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib.  Əksinə, xalq daha da birləşib, yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini bütün dünyaya bəyan edib. Rauf Vəliyevin sözlərinə görə  20 Yanvar həm də bizim müstəqilliyə gedən yolumuzu xeyli qısaltdı.

Başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Ulu Öndər Heydər Əliyevin göstərdiyi səylərdən ətraflı söz açan Rauf Vəliyev, heç nədən çəkinmədən faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının  əhəmiyyətini vurğulayıb. O,  bu hadisəyə hüquqi-siyasi qiymətin də ilk dəfə Ümummilli Lider Heydər Əliyevin  ölkə rəhbərliyinə qayıdışından sonra verildiyini diqqətə çatdırıb və  şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sənədlərin isə Ulu Öndərin  bu insanların xatirəsinə nə qədər böyük ehtiram bəslədiyinin göstəricisi olduğunu bildirib.

O günlər  dənizçilərin  əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gəlmələrini xatırladan Gəmiçiliyin rəhbəri onların həyatlarını riskə atmalarını, ölümün gözünə dik baxmalarını,  xalqımızla birlik nümayiş etdirərək tarix yazmalarını diqqətə çatdırıb.

Xalqımız   qanı bahasına da olsa, istəyinə nail olduğunu, azadlığa və müstəqilliyə qovuşduğunu diqqətə çatdıran Rauf Vəliyev bildirib ki,  20 Yanvar faciəsi azadlıq mücadiləmizin şanlı səhifəsi kimi Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcək.  Onun sözlərinə görə,  Prezident İlham Əliyevin rəhbərliyi ilə  gündən-günə güclənən müstəqil Azərbaycanın  ərazi bütövlüyünün  tezliklə tam təmin ediləcəyinə isə bu gün heç kəsin şübhəsi yoxdur.

Sonra, qanlı yanvar hadisələrinin canlı şahidləri – dənizçilər  Kərəm Məmmədov, Rövşən Dəmirov, Məhəbbət Muradov, Səyyar Hacıyev    faciəmizi ilkin olaraq dünya ictimaiyyətinə çatdıran, Sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan həmkarlarının  şücaətindən və qəhrəmanlığından iftixarla danışıblar. Bildirilib ki, o günlər dənizçilər bütün dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün  gəmilərimizdən hər saat “SOS” siqnalı verirdi. Bununla da  qəhrəman  dənizçilər həyatlarını riskə ataraq Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxmışdılar. Həmin dövrdə  əksər gəmilərimiz ciddi zədə aldı, bəzi gəmilərdə mindən çox güllə, mərmi izləri vardı.

Dənizçilərimiz Qanlı Yanvardan sonra başlamış kütləvi repressiyalardan da  əziyyət çəkiblər. Həbs edilən 40-a yaxın  dənizçi işgəncələrə məruz qalıb.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxıblar.