Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

822

Azərbaycan Dövlət Dəniz Akademiyasında  Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə əvvəlcə  faciə qurbanlarının  xatirəsi  dərin ehtiramla yad edilib.

Akademiyanın rektoru Çingiz Əliyev giriş nitqində  bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olan Xocalı qətliamı həm də bütün bəşəriyyətə qarşı  törədilən bir cinayətdir. Bu cinayətin əsl mahiyyətinin, Xocalı soyqırımı ilə bağlı  həqiqətlərin dünyaya çatdırılmasında  Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətindən, bu istiqamətdə hazırda dövlətimiz tərəfindən həyata keçirilən işlərin geniş miqyasından söz açıb.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətinə toxunaraq bildirib ki, məhz bu kampaniya çərçivəsində keçirilən tədbirlər nəticəsində bir çox ölkələr Xocalı soyqırımını tanıyıb.

Sonra Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edib və Xocalı soyqırımını erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri növbəti kütləvi qırğın kimi xarakterizə edib.

Tədbirdə iştirak edən Əməkdar incəsənət xadimi Elçin Musaoğlu ssenari müəllifi və rejissoru olduğu   “Natiq Qasımov” sənədli filmin tarixçəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Bildirilib ki, Natiq Qasımov “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. Ağdamın Xramort kəndi yaxınlığında döyüş yoldaşları həlak olduqdan sonra o, Alban kilsəsində təkbaşına mübarizəsini davam etdirir. Düşmən kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edərək, əsir və girov düşmüş Xocalı sakinlərindən yararlanır. Onların güllələnməsinə razı olmayan Natiq  düşmənin qarşısına üçrəngli bayrağımızla çıxır. Sonrakı taleyi isə indiyədək məlum deyil.

“Azərbaycanfilm” kinostudiyasında çəkilmiş filmin operatoru Rauf Qurbanəliyev, prodüseri Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovdur.

Sonda Azərbaycanın igid oğlu Natiq Qasımova həsr olunmuş eyniadlı sənədli film  nümayiş etdirilib.