Əmirabad Limanında bərə terminalının tikintisində gəmiçilərimizin zəngin təcrübəsindən faydalanacaqlar

810

Martın 9-da İran İslam Respublikasının Əmirabad Limanının nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüb.

İki qonşu və dost ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Əli Abbasi belə görüşlərin əlaqələrin möhkəmlənməsinə  töhfə verdiyini bildirib.

Podratçı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi görüşdəKamal Abdullahi təmsil etdiyi Əmirabad Limanında hazırda aparılan tikinti işləri haqqında məlumat verib. Limanda  bərə terminalının da inşa edildiyini deyən qonaq tikinti işlərinin yaxın bir il ərzində başa çatacağını bildirib. Onun sözlərinə  görə, limanda bərə terminalının fəaliyyətə başlaması gələcəkdə daşınacaq yüklərin həcminin artmasına səbəb olacaq. Qonaq Əmirabadda  bərə terminalının tikintisi və bərə tipli gəmilərin idarə olunmasında azərbaycanlıların zəngin təcrübəsindən faydalanmaq  istəklərini xüsusilə qeyd edib.

Gəmiçiliklə İran şirkətlərinin əlaqələrinə toxunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bu görüşün iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacağına inamını ifadə edib. Bərə terminallarının tikintisində azərbaycanlı mütəxəssislərin zəngin təcrübəsi olduqlarını bildirən Rauf Vəliyev Qazaxıstanın Kurık bərə kompleksinin inşasında da Gəmiçiliyin əməkdaşlarının   təcrübəsindən yararlandıqlarını  diqqətə çatdırıb. Söhbət zamanı, Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Gəmiçiliyin donanmasında hazırda  13 tip bərə,  2 tip Ro-Ro gəmilərinin olduğu qeyd edilib. Yaxın günlərdə  isə yeni nəsil Ro-Pax tipli gəmilərin Bakı Gəmiqayırma Zavodunda metal kəsimi baş tutacaq. Gəmiçiliyin rəhbərinin sözlərinə görə, Əmirabad bərə terminalının işə salınması bir çox digər layihələrin də reallaşmasına imkan yaradacaq.

Görüşdə iranlı qonaqların Bakı Beynəlxqalq Dəniz Ticarəti Limanında bərələrlə tanışlığı, onların körpüyə  yanalma, dəmir-yolu qatarlarının bərəyə  daxil olması proseslərini daha yaxından  izləməyə dair razılıq əldə olunub. Bundan başqa, danışıqlarda ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti