Sərnişin gəmisi təmirdən sonra da neftçilərə xidmət edəcək

794

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “MPK-460” sərnişin gəmisi  “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb. Qısa vaxtda gəminin sükan-pər qurğusu açılıb, pərvanələr balanslaşdırılıb, lövbər və zəncirləri rənglənərək yerinə yığılıb. Hazırda gəminin gövdəsi pasdan təmizlənir.  İşlərin yekununda isə uzunluğu 34, eni 7 metr olan gəminin bütün sualtı hissəsi rənglənəcək.

Xəzər Dəniz Neft Donanmasında istismar edilən 66 sərnişin tutumuna malik gəminin maksimal sürəti 11-12 üzeldir. Neftçilərin və çox da ağır olmayan yüklərin Neft Daşları və platformalara daşınmasını həyata keçirən gəminin yaxşı manevr qabiliyyəti estakadaların arasında effektiv idarəsinə imkan verir.