Ro-Pax tipli gəmi-bərənin ilk polad lövhəsinin kəsilməsi mərasimi keçirilib

1385

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Xəbərlər xidmətinin məlumatı.

Martın 16-da Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin ötən ilin oktyabrında etdiyi sifarişə uyğun 2 ədəd unikal Ro-Pax tipli gəmi-bərənin ilk polad lövhəsinin kəsilməsi mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Bakı Gəmiqayırma Zavodunun əsas səhmdarı SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısı Ilham Əliyevin rəhbərliyi altında Azərbaycanın tranzit potensialından və əlverişli coğrafi mövqeyindən tam faydalanmaq üçün ciddi islahatların və irimiqyaslı işlərin aparıldığını bildirib. Nazir qeyd edib ki, Xəzər hövzəsində ən müasir yükaşırma müəssisəsi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi, qərb istiqamətində dəmir yollarının yenidən qurulması kimi irimiqyaslı layihələr ölkəmizin regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə verəcək. Bununla bərabər, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası və yükdaşımalarda iştirak edən müvafiq qurumlar arasında işgüzar əməkdaşlıq nəticəsində Azərbaycan üzərindən tranzit yüklərin nəqli üçün əlverişli şərait yaradılıb, yükdaşıma prosedurları sadələşdirilib, tariflərdə şəffaflığa və endirimlərin tətbiqinə nail olunub. Bu işlərin nəticəsi olaraq tranzit yüklərin həcmində ciddi artım qeydə alınıb.

Şahin Mustafayev vurğulayıb ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun aparıcı üzvü olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün yeni unikal Ro-Pax tipli gəmi-bərələrin tikintisi ölkəmizin tranzit yükdaşımalar sahəsində həyata keçirdiyi strateji siyasətin məntiqi davamıdır. Belə ki, bu gəmilər Xəzər üzərindən artan vaqon və TIR-ların vaxtında və yüksək keyfiyyətlə nəqlinə imkan verəcək. Eyni zamanda, belə gəmilərin tikintisinin məhz Bakı Gəmiqayırma Zavodunda aparılması yerli gəmiqayırma təcrübəsinin daha da genişlənməsinə və Azərbaycan iqtisadiyyatının şaxələnməsinə xidmət edəcək. Bu layihənin icrasına ölkə başçısının böyük dəstək verdiyini diqqətə çatdıran nazir bildirib ki, məhz prezident İlham Əliyevin göstərişi ilə gəmi-bərələrin dəyərinin 30 faizi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev isə çıxışında qeyd edib ki, Gəmiçilik bazarın tələbinə uyğun yeni gəmilərin tikintisini və donanmanın daim yenilənməsini xüsusi diqqətdə saxlayır. Sədr Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün bu gəmilərin tikintisinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu istismara verildikdən sonra ölkəmiz üzərindən artması gözlənilən tranzit yüklərin vaxtında daşınmasında da mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin dəstəyi ilə hazırda gəmiçiliyin sürətli inkişaf dövrünü yaşadığını vurğulayan Rauf Vəliyev bildirib ki, mövcud infrastrukturun təkmilləşdirilməsi, regionda ən iri, müasir və böyük potensiala malik Bakı Gəmiqayırma Zavodunun tikilməsi də dövlət dəstəyinin bariz nümunəsidir.

Sədr xatırladıb ki, hazırda Gəmiçiliyin 13 bərəsi var və onların hamısı Xorvatiyada tikilib. Sevindirici haldır ki, belə gəmilər artıq ölkəmizdə inşa edilir.

“Həm vaqon, həm də TIR götürmək imkanına malik gəmilər konsepsiyasına görə də dünyanın ən gözəl üzən vasitələrindən biri olacaq. Bu cür gəminin ilk dəfə Bakı Gəmiqayırma Zavodunda və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün tikilməsi çox əlamətdar hadisədir”- deyə Gəmiçiliyin rəhbəri əlavə edib.

Çıxışlardan sonra poladkəsmə qurğusu işə salınıb və gəmi-bərələrin inşasına başlandığını bildirən ilk polad lövhələri kəsilib.

Yeni gəmilərin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə birgə hazırlanıb. Əvvəllər bu tip gəmi-bərələr xaricdə tikilirdi və onların Volqa-Don kanalından Azərbaycan ərazisinə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu, hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verildiyindən yükdaşımaların həcmi azalırdı. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri aradan qaldıracaq. Belə ki, unikal dizayna malik gəmilər texniki göstəricilərinə görə geniş imkanlara malik olacaq. Bu konsepsiya Xəzərdə mövcud vəziyyət, Gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur.

Yeni Ro-Pax/Bərə tipli gəmi ümumilikdə 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını tutmaq imkanına malik olacaq.