Zığ” quru yük limanının müasir nəqliyyat və logistika mərkəzinə çevrilməsi planlaşdırılır

969
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Xəbərlər xidmətinin məlumatı.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” quru yük limanında işlər qrafikə uyğun davam etdirilir. Hazırda limanın 6 hektar ərazisinin betonlaşdırılması həyata keçirilir. Prosesin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Təmir-tikinti işlərinin yekunlaşması ilə  yükaşırma müəssisəsinin müasir nəqliyyat və logistika mərkəzinə çevrilməsi planlaşdırılır. Hədəfə nail olmaq üçün  istifadə olunan əksər  qaldırıcı qurğular – kran və avtoyükləyicilər təzələri ilə əvəzlənir.  Bəziləri isə təmir edilərək yenidən istismara veriləcək.

İşçilərin sayının  artırılması da nəzərdə tutulan limanda əməyin mühafizəsinə xüsusi diqqət yetirilir və  bu məsələlərdə Beynəlxalq şirkətlərin tələbləri əsas götürülür.

Aparılan infrastruktur işləri ilə paralel, liman tam gücüylə fasiləsiz şəkildə – 24 saat fəaliyyət göstərir. Hazırda müəssisədə əsasən bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Gələcəkdə yüklərin çeşidi artacaq. Ümumiyyətlə, təmirin tam başa çatmasından sonra daha böyük həcmdə yüklərin qəbulu və göndərilməsi mümkün olacaq.

Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik “Zığ” quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmiryolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Eyni zamanda, limanın yükləri saxlamaq üçün qapalı və açıq tipli anbarlarının sayının artırılması da istisna olunmur.