Bakı Limanı Qarabağ döyüşlərində Vətənin azadlığı uğrunda canını qurban vermiş beş limançı Şəhidin xatirəsinə həsr olunmuş abidə ucaldılacaq

991

Bununla əlaqədar olaraq Bakı Limanı heykəltaraşlar və həvəskar yaradıcı şəxslər üçün müsabiqə elan etmişdi. Elan olunmuş müsabiqədə bir çox peşəkar və həvəskar yaradıcı şəxslər iştirak ediblər. Aprel ayının 14-də isə şəhid ailələrinin üzvləri tərəfindən seçilmiş müsabiqənin qalibləri elan olundu. Müsabiqənin qalibləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 1-ci kurs tələbələri Azad Aslanov və Sahib Yaqubov seçildilər.

Müsabiqəyə qatılmış bütün iştirakçılar və şəhid ailələrin qohumları ilə görüşdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin bütün qurumlarında olduğu kimi Bakı Limanının da işçiləri qəhramanlıq nümayiş etdirmiş, beş əməkdaşımız isə Şəhidlik zirvəsinə ucalmışdırlar. Onlar həyatlarının ən gözəl dövründə, heç 30 yaşına çatmadan, bəziləri ailə qurmadan Dağlıq Qarabağda döyüşlərə qatılmışdırlar.

Baş direktor Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqların azad olunacağının əminliyini qeyd etdi, keçən ilin aprel qələbəsinin Milli Ordumuzun şanlı tarixinə qızıl hərflərlə yazıldığını bildirdi.

Tədbirə qatılmış iştirakçılar və şəhid ailələrinin üzvləri cənab Prezidentin siyasətinə dəstək olduqlarını bildiriblər.

Bakı Limanı adından qalibləri təbrik edirik və müsabiqəyə qatılmış bütün iştirakçılara təşəkkürümüzü bildiririk.