Qara dəniz haqqında maraqlı məlumatlar

2686

Qara dənizin adı ümumiyyətlə dəniz üçün səciyyəvi deyil, çünki hər kəs dəniz suyunun tünd göy, yaxud mavi rəngdə olduğunu düşünür. Qara dəniz tarixən müxtəlif cür adlandırılıb.

İlk olaraq qədim yunanlar Qara dəniz sahillərindən yararlanmağa başlamışlar. Səyahətlərinə dənizin heç də münasib olmayan şimal sahillərindən başlayan yunanlar güclü fırtınalarla rastlaşmış və dənizi “qonaqsevməz” mənasını verən “Aksinos Pontos” adlandırmışdılar. Daha sonra cənuba doğru irəlilədikcə mülayim iqlimin üstünlük təşkil etdiyini görən yunanlar dənizi “qonaqsevməz” sözünün əksini bildirən “Evksinos Pontos” adlandırdılar.

Lakin “Qara” sözü dənizin adı olaraq yaddaşlarda möhkəmləndi. Bəs bunun səbəbi nədir? Alimlər bununla bağlı bir neçə mülahizə irəli sürürlər. Bəzilərinin fikrincə, dənizin adını türklər qoyub. “Qara” dəniz – yəni böyük dəniz. İkinci iddia Qara dənizin suyunun tərkibində hidrogen sulfid maddəsinin həddindən artıq çox olmasına əsaslanır. Bu maddə dənizə düşmüş bütün metalların rəngini qaraldır. Dənizin dibindən qaralmış lövbərləri çıxaran dənizçilər dənizi məhz belə adlandırıblar.Qara dənizin unikallığı ondadır ki, suyun yuxarı və aşağı təbəqəsi bir birinə qarışmır. 150 metr dərinlikdə isə həyat mövcud deyil: hidrogen sulfid canlıların yaşama şansını sıfıra endirir.

Həkimlərin fikrincə, Qara dənizin suyu müxtəlif xəstəliklərin müalicəsi üçün yararlıdır.Qara dənizin sahəsi 422 000 kvadrat kilometr, ən dərin yeri 2210 metr, orta dərinliyi isə 1240 metrdir. Qara dəniz Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumuniyə və Gürcüstanın sahillərini yuyur. Bu ölkələr “Qara dəniz ölkələri” adlanır.