II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu başlayıb

724

Bugün Bakıda II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu işə başlayıb.

“Report” xəbər verir ki, forum aprelin 28-də başa çatacaq.

Tədbir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forum ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub. Beynəlxalq forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə təqdimatlar və müzakirələr nəzərdə tutulub.

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, forumda 18 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.

***

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə deyib ki,  Azərbaycan həmişə Xəzəryanı ölkələrlə səmərəli əməkdaşlığın tərəfdaşı olub: “Azərbaycan Xəzəryanı ölkələrə nümunə olaraq Xəzərin neftini və təbii qazını  dünya bazarlarına çıxara bildi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Ceyhan kəmərləri vasitəsi ilə Azərbaycan nefti dünya bazarlarına çıxarıldı. Bakı-Tbilisi-Ərzurum kəməri ilə isə qaz ehtiyatları Gürcüstan və Türkiyəyə nəql edildi. Hazırda TANAP və TAP layihələri inşa olunur. Azərbaycan qazı Avropaya çıxarılacaq”.