TTSİ-yə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunmuşdur

TTSİ-yə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunmuşdur

278
0

Aprelin 28-də SOCAR-ın Baş ofisində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə Fransanın Bureau Veritas təşkilatı, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutu və Dəniz Neft-Qaz Sənayesində Təlim Təşkilatı tərəfindən verilmiş sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov, Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev, SOCAR rəhbərliyinin nümayəndələri iştirak etmişlər. SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə TTSİ-nin mütəxəssislərini təbrik etmiş, ölkə Prezidentinin tapşırığına uyğun olaraq, şirkətdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm addımlar atıldığını bildirmiş, sertifikatların alınmasını SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində atılmış addımlardan biri olduğunu vurğulamışdır.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov beynəlxalq inspeksiya və akreditasiya qurumları ilə əməkdaşlıq və sertifikatların əldə olunması istiqamətində görülən işlər haqqında məruzə etmişdir. Bildirilmişdir ki, əsası Azərbaycan xalqının milli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində SOCAR davamlı olaraq inkişaf edir, müasirləşir və dünyaya inteqrasiya olunur. İki gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dünya neft sənayesnin əsası qoyulmuş Bibiheybətdəki ilk neft quyusunun bərpadan sonrakı vəziyyəti ilə, bu gün isə, Sumqayıtda inşa olunan, yaxın gələcəkdə iqtisadiyyatımız üçün əvəzsiz rol oynayacaq Karbamid zavodunda tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olmuşdur. Ölkə başçısının tariximizə və gələcəyimizə olan ali diqqətinin şirkət əməkçilərini daha böyük uğurlar qazanmağa ruhlandırdığını söyləyən natiq keçirilən tədbirin əlamətdar bir günə Ümumdünya Əməyin Mühafizəsi gününə təsadüf etdiyini və tədbirin qayəsinin bu əlamətdar günlə, neftçilərimizin əməyinin mühafizəsi ilə bilavasitə əlaqədar olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, TTSİ yarandığı gündən onun qarşısında beynəlxalq təşkilatlarla, dünyanın bu sahədə nüfuz qazanmış şirkətləri ilə əməkdaşlığın qurulması və dərinləşdirilməsi vəzifəsi qoyulmuşdur. İdarə bu işə xüsusi diqqət yetirərək, beynəlxalq əlaqələrini ilbəil genişləndirir. Avropa Təlim Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə etibarlı tərəfdaşlıq qurulmuşdur. Keçən il isə İdarənin təşkil etdiyi qeyri-formal təlimlər və spesifik hazırlıq kursları beynəlxalq inspeksiya və akkreditasiya qurumları olan Fransanın Bureau Veritas təşkilatı, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutu və Dəniz Neft-Qaz Sənayesində Təlim Təşkilatı tərəfindən akkreditasiya edilmiş və müvafiq sertifikatlara layiq görülmüşdür. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi bu nüfuzlu beynəlxalq təşkilatların tələblərinə uyğun şəkildə çox mühüm kursları müstəqil olaraq keçirmək və məzunları sertifikatlaşdırmaq hüququ əldə etmişdir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək TTSİ-nin kollektivini bu münasibətlə təbrik etmiş, SOCAR-ın təlim-tədris mərkəzlərində Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri, habelə digər sənaye müəssisələri üçün də yüksək ixtisaslı kadrlar hazırlandığını söyləmiş, mərkəzlərdə təhsil və təlim üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər. Sertifikatlar təqdim olunduqdan sonra SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov göstərilən diqqət və qayğıya görə şirkət rəhbərliyinə təşəkkürünü bildirmiş, İdarənin bundan sonra da SOCAR-ın strateji inkişafını təmin edəcək yüksək ixtisaslı kadrlar hazırlanması üçün layiqincə çalışacağına tədbir iştirakçılarını əmin etmişdir.

Tədbirin sonunda TTSİ-nin Sumqayıt Təlim Mərkəzində kurs keçmiş və ən yüksək bal toplamış 11 məzuna sertifikatlar təqdim olunmuşdur.

 

Şərh yoxdur

Şərh yaz