SOCAR Supsa limanından neft ixracını 13% artırıb

525

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 878 664 ton xam neft ixrac edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmin 174 579 tonu aprel ayında ixrac edilib.

Bu ilin dörd ayında Supsa limanından SOCAR-ın ixrac etdiyi xam neftin həcmi ötən ilin analoji dövründən 13% çox olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.