Azərbaycanda yanvar-mart aylarında nəqliyyat sektorunda yük daşımaları artıb

754

Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 49,6 mln. ton yük daşınıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, ötən ilin müvafiq dövrünə nisbətən 2,9% artım müşahidə olunub. Yüklərin 3,9%-i dəniz, 8,1%-i dəmir yolu, 0,1%-i hava, 58%-i avtomobil nəqliyyatı, 29,9%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-neft yüklərinin həcmi 5,5% artaraq 35,9 mln. ton təşkil edib. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,9% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 77,3% təşkil edib.

Bu ilin ilk rübündə nəqliyyatçılar 448,2 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,5% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,4%-i avtomobil nəqliyyatı, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-mart ayları ərzində 4 mln. yük, 590,9 min sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 16,5%, sərnişin daşınmasında isə 35,4% artım müşahidə olunub. Orta hesabla sutkada 369 vaqon yüklənib, 432 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,2 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə bu ilin yanvar-mart aylarında daşınan yüklərin həcmi 1916,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,3% artıb. Yüklərin 45,6%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2728,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2610,1 min tonunu və ya 95,7%-ni tranzit yüklər təşkil edib. Bu il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 70,4 min ton olub. Qedy edilən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 20% artaraq 4,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 28,8 mln. ton yük, 391,8 mln. sərnişin daşınıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3% və 1,9% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,2%, sərnişin dövriyyəsi isə 2% artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 6,1% artaraq 55,4 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 440,7 min və ya 25,7% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 9,7% artaraq 37,4 min tona çatıb.

Bununla belə, 2017-ci ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi 8918,1 min ton, yük dövriyyəsi isə 1817,2 mln. ton-km olub. Yüklərin 5156,8 min tonu və ya 57,9%-i avtomobil nəqliyyatı, 2597,5 min tonu və ya 29,1%-i dəmir yolu nəqliyyatı,1163,8 min tonu və ya 13%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 21,3%-ni və ya 1898,1 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır