Dövlət Dəniz Akademiyasında Ümummilli Liderin yubileyinə həsr olunmuş elmi-texniki konfrans keçiriləcək

731

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2018-ci il mayın 3–4-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda akademiyanın professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar və əcnəbi alimlər iştirak edəcək.

Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.

Konfransın işi “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə təşkil olunacaq.

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc ediləcək.

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını bu ilin martın 16-dək təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak mümkündür. Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur.

Xatırladaq ki, ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır