Azərbaycan bütün növ gəmilər istehsal etməyə qadirdir

1130

Artıq Bakı Gəmiqayırma Zavodu önəmli, böyük sifarişlər icra edir

Son illərdə Azərbaycanda əldə olunan mühüm nailiyyətlərdən biri ölkənin paytaxtında və regionlarda istifadəyə verilmiş müxtəlif təyinatlı çoxsaylı müəssisələrdir. Onların sırasında 2013-cü ildə fəaliyyətə başlayan Bakı Gəmiqayırma Zavodunun xüsusi yeri var. Bu, istehsal gücünə görə nəhəng, təyinatına görə olduqca əhəmiyyətli müəssisədir.
Qısa müddətdə Bakı Gəmiqayırma Zavodunda irihəcmli layihələr həyata keçirilib. Müəssisədə “28 May” üzən doku, “SOCAR-1” yedək gəmisi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonları və yuxarı blokları, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmiləri ilə bağlı işlər müvəffəqiyyətlə yerinə yetirilib. Bundan əlavə, zavodda 2015-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəmi təmir edilib və modernləşdirilib. Bunlardan “İsrafil Hüseynov” borudüzən barjını, “Tofiq İsmayılov” dalğıc, “Azərbaycan” kran, “Gilavar” tədqiqat, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu qeyd etmək olar. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə imzalanan müqaviləyə əsasən, hazırda tikilməkdə olan iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi gözlənilir.
Müəssisənin ən böyük nailiyyəti “Xankəndi” gəmisinin istifadəyə verilməsidir. “Xankəndi” bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcı sayılır. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

Keçən ilin sentyabr ayında təqdimat mərasimi keçirilmiş “Xankəndi” sualtı tikinti gəmisi 11 il “Şahdəniz” yatağında işləyəcək. Gəmidən 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsinin yerinə yetirilməsinə səfərbər olunaraq sualtı quraşdırma işlərində istifadə ediləcək. Bu da, öz növbəsində, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” (CQD) layihəsinə mühüm töhfədir. Çünki CQD-nin əsas ehtiyat mənbəyi məhz “Şahdəniz” yatağıdır.
“Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyaya malik ən müasir gəmisidir. Bu gəmi suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

Xatırladaq ki, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri məhz Azərbaycandadır.
Bütün bunlara görə də “Xankəndi”nin təqdimat mərasimində bu gəminin istifadəyə verilməsi tarixi hadisə adlandırılmışdır. Qeyd edilmişdir ki, belə bir gəminin tikintisi ölkəmizin gücünü göstərir. Göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işləri aparıla bilər.
“Xankəndi”nin layihələndirilməsi və tikintisi barədə müqavilə Bakı Gəmiqayırma Zavodu və “Şahdəniz” layihəsinin əməliyyatçısı olan BP şirkəti arasında 2014-cü il aprelin 17-də bağlanmışdır. Bundan sonra gəminin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək Bakıya gətirilmişdir. Onlar zavodun tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilmişdir. 2016-cı ilin mayında gəmi suya salınmışdır.
“Xankəndi” xüsusi olaraq “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. İstismara verilməzdən əvvəl zavodun yanalma körpüsündə gəminin bütün göyərtə avadanlıqları – əsas qaldırıcı, eləcə də köməkçi kranları, vertolyot meydançası quraşdırılaraq, bütün sistem və qurğuları yoxlanılaraq işə salınmışdır. İki ay ərzində açıq dənizdə istismar sınaqları keçirilmişdir.

“Xankəndi” DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5, əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sisteminə malikdir. 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün əsas kranla, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki cihaz, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnika ilə təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 ton, suya oturumu 6,5 metr, yükgötürmə qabiliyyəti 5 min metrik tondan artıqdır.
İstər Bakı Gəmiqayırma Zavodunun tikintisinin müvəffəqiyyətlə tamamlanması, istərsə də bu müəssisədə “Xankəndi” kimi nadir bir gəminin araya-ərsəyə gəlməsi Azərbaycan dövlətinin yürütdüyü düzgün və məqsədyönlü iqtisadi siyasətin nəticəsində mümkün olmuşdir. Belə ki, “Xankəndi”nin inşasının və istifadəyə verilməsinin uğurla başa çatması Azərbaycanda gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərarın düzgünlüyünü təsdiqləmişdir.

“Xankəndi” gəmisinin tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünü göstərən çoxsaylı amillərdən biridir. Gəminin inşası təqribən 400 milyon dollara başa gəlmişdir.
“Xankəndi”nin tikintisi və istismarı insanların məşğulluq probleminin həllinə də dəstək vermişdir. Gəminin tikintisində ümumilikdə iki mindən çox işçi çalışıb. Onların da 75 faizi Azərbaycan vətəndaşıdır. Gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti də yerli mütəxəssislərdir. Tikinti zamanı keçirilən treninqlər və aparılan hazırlıq işləri bu gün gəminin həm kapitanının, həm də heyət üzvlərinin əksəriyyətinin yerli kadrlar olmasına imkan vermişdir.
“Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində mühüm rol oynayır, nəticə etibarilə “Cənub qaz dəhlizi”nin reallaşmasına böyük dəstək göstərir.
Bakı Gəmiqayırma Zavodunun tikilməsində əsas məqsəd Azərbaycanda məhz istənilən növ gəmilərin inşa edilməsi olmuşdur. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkəmizdə ən müxtəlif növ gəmilərin istehsal edilə biləcəyi bir daha qeyd edilmiş və vurğulanmışdır ki, hazırda Bakı Gəmiqayırma Zavodu böyük, önəmli sifarişlər yerinə yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır