Bu gün “Ümumdünya Əməyin Mühafizəsi Günü”dür

849

Cari ilin ilk rübündə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

İnterAz xəbər verir ki, BƏT-in statistikasına əsasən, hər il dünyada istehsalat qəzalarının təxminən 2,34 milyon nəfər insanın həlak olmasına, 160 milyondan çox insanın peşə xəstəliyinə məruz qalmasına, digər tərəfdən, bu qəzaların dünya üzrə ÜDM-in 4 faizinin, yaxud 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olduğunu nəzərə aldıqda, əməyin təhlükəsizliyi məsələsinin vacibliyi bir daha aydın olur.

Cari ilin ilk rübündə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb ki, həmin bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. Təhqiqat işləri aparılarkən bu qəzaların da məhz əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunub. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin idarə olunması məsələsinə xüsusi diqqət yetirməlidir.

Əməyin mühafizəsinin təmin olunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ilk növbədə işəgötürənlər tərəfindən işə cəlb olunmuş bütün işçilərlə bağlanmış əmək müqavilələrinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi təmin olunmalıdır. MDB məkanında ilk dəfə olaraq 2014-cü ilin iyul ayında Azərbaycanda tətbiqinə başlanılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək hüquqlarının təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idarəetmə mexanizmi formalaşdırmaqla, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələlərinə də nəzarət imkanı verir.

Qeyd edək ki, 2017-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusu “Əməyin mühafizəsi üzrə məlumatların toplanması və istifadəsinin optimallaşdırılması”dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır