Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri gəmiçilikdə təcrübə keçiblər

948

Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri Ramal Səmədzadə, Cəmilə Məmmədova, Fərhad Məmmədli və Məqsəd Xəlilzadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (AXDG) təcrübə keçiblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, 10 günü əhatə edən təcrübə müddətində tələbələr “AXDG” QSC-nin İstismar-kommersiya departamenti və Strateji inkişaf və investisiya layihələri departamentinin peşəkar kadrlarının təcrübələrindən bəhrələniblər.

Tələbələr təcrübə zamanı tədrisdə qazandıqları bilikləri iş prosesində tətbiq etməyi, komanda ilə işləməyi öyrəniblər. Hər dörd tələbə yenilikləri mənimsəmələri, iş prosesinə uyğunlaşmaları, tapşırıqları vaxtında həll etmələri ilə fərqləniblər.

Qeyd edək ki, tələbələr təcrübəyə başlamazdan əvvəl “AXDG” QSC-nin və akademiyanın müvafiq mütəxəssisləri tərəfindən “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə giriş təlimatı” və “Yanğına Qarşı Təhlükəsizlik texnikasının təlimatı” ilə məlumatlandırılıb.

Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycanda dənizçi kadrların hazırlığı ilə məşğul olan yeganə ali təhsil müəssisəsidir. Akademiyada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində tədris mövcuddur. Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi ADDA-da daim diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır