Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb

1054

Sentyabrın 7-də Bakıda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov imzalayıblar. İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”una daxil olan “Economic Zones World FZE” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətlər qrupu xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də iqtisadi zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti ilə bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məsləhət xidməti göstərəcək.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkənin tranzit potensialının reallaşmasına yönəlmiş strategiyanın istiqamətləri, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin nəinki iştirakçı ölkələrin, ümumilikdə bütün regionun inkişafına müsbət töhfə verəcəyini vurğulayıb. Qeyd olunub ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də işlər davam etdirilir. Artıq Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub və hazırda Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xətti layihəsinin reallaşdırılması istiqamətində tərəflər arasında danışıqlar aparılır.

Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətlidir və limanın tikintisinə Azərbaycan tərəfindən böyük həcimdə investisiya yönəldilib. Artıq yeni Bakı Limanının tikintisinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Hazırda limanda 2 yanalma körpüsü fəaliyyət göstərir və daha iki yanalma körpüsü 2016-cı ilin sonuna qədər istifadəyə veriləcək. Ümumilikdə isə yeni Bakı Limanında 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur. Yeni Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində müasir tələblərə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz regional logistik qovşaq funksiyası yerinə yetirməklə nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından daha səmərəli istifadəyə imkan yaradacaq. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli Sərəncamı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından xüsusilə önəmlidir.

Nazir Şahin Mustafayev iqtisadi zonanın təşkili üçün ciddi araşdırmaların aparıldığını, beynəlxalq səviyyədə geniş təcrübəyə malik olan tanınmış şirkətlərin fəaliyyətinin nəzərdən keçirildiyini qeyd edib. “DP World Group” dünyanın ən böyük konteyner terminallarının operatorlarından olmaqla ilk 10 operator sırasındadır və böyük təcrübəyə malikdir. Şirkətin 40-dan çox ölkədə 77 terminalı var. Bu gün imzalanan müqavilə çərçivəsində xüsusi iqtisadi zonalara dair qanunvericilik təkmilləşdiriləcək, Ələt Azad Ticarət Zonasına dair texniki-iqtisadi əsaslandırma və Baş Plan hazırlanacaq. Bu işlərin 2017-ci ilin yanvarında yekunlaşdırılması nəzərdə tutulur. Məsləhətçi qismində BƏƏ şirkətinin seçilməsi həm də ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması ilə bağlıdır.

“DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim təmsil etdiyi şirkətlər qrupunun fəaliyyəti barədə məlumat verib, şirkətlər qrupunun dünyada 77 dəniz və torpaqüstü terminallara sahib olduğunu bildirib. Şirkətin müxtəlif ölkələrdəki təcrübəsindən danışan Sultan Əhməd bin Sulaim “DP World” şirkətlər qrupunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və ötən müddətdə ölkə çox dəyişib, sürətlə inkişaf edərək gözəl ölkəyə çevrilib. Ələt Azad Ticarət Zonasının və logistika mərkəzinin yaradılması üçün Azərbaycan inkişaf etmiş infrastruktura malikdir, bu sahəyə qoyulan investisiyalar ölkə iqtisadiyyatının diversifikasiyasına və ticarət dövriyyəsinin artırılmasına imkan verir. Bütün bunlar isə layihənin uğurla yerinə yetirilməsində vacib amillərdir. Sultan Əhməd bin Sulaim Azərbaycanın tranzit potensialını və “DP World Group”un təcrübəsini birləşdirməklə Bakının Avrasiyanın tranzit və logistik mərkəzinə çevriləcəyinə əminliyini vurğulayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov isə limanın fəaliyyəti barədə danışıb. T.Ziyadov Yaxın Şərqin ən böyük azad ticarət zonasını – JAFZA-nı idarə edən “DP World Group”un bu layihədə məsləhətçi kimi iştirakının Bakı Limanının mühüm logistika və ticarət mərkəzi kimi formalaşmasına töhfə verəcəyini qeyd edib.

Sonra “DP World Group”un və Birləşmiş Ərəb Əmirliklərinin Jəbəl Əli Sərbəst Zonasının fəaliyyətinə dair videoçarx nümayiş olunub.