“Dünya Dənizçilik Günü” 2016 – Dənizçilik: dünyanın ayrılmaz hissəsidir

887

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı
Beynəlxalq Dəniz Təşkilatı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olub, beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyi, mühafizəsi və dəniz mühitinin qorunmasını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilatdır.
Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq konfransında “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya”nın qəbul edilməsi ilə təsis edilmişdir və 1958-ci ildə «Hökumətlərarası dəniz məsləhətləşmə təşkilatı» (IMCO) adı ilə fəaliyyətə başlamışdır. Sözügedən qurumun adı 1982-ci ildən Beynəlxalq Dəniz Təşkilatı adlanır. Təşkilata üzv dövlətlərin sayı hal-hazırda 171-dir.
BDT-nin rəsmi məqsədi beynəlxalq dəniz gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsini və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi, dənizin gəmilər vasitəsilə çirklənməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təşkil etmək və buna şərait yaratmaq, təşkilatın məqsədi ilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir.

imohead
Dəniz nəqliyyatının təhlükəsizliyi, dəniz və dəniz ətraf mühitinin mühafizəsinin əhəmiyyətinə ictimaiyyətin diqqətini yönəltmək və Beynəlxalq Dəniz Təşkilatının fəaliyyətinin mühüm aspektlərini vurğulamaq məqsədi ilə hər il sentyabr ayının sonuncu həftəsinin bir günü Beynəlxalq Dəniz Təşkilatı tərəfindən “Dünya Dənizçilik Günü” olaraq qeyd olunur. Hər il qeyd edilən “Dünya Dənizçilik Günü” üçün Beynəlxalq Dəniz Təşkilatının fəaliyyətinə il ərzində əhəmiyyətli dərəcədə təsir edən fərqli şüar seçilir.
2016-cı il “Dünya Dənizçilik Günü” üçün şüar “Dənizçilik: dünyanın ayrılmaz hissəsidir” şüarıdır və həmin şüarın mövzusu dəniz nəqliyyatı və dünya ictimaiyyəti arasında mühüm bağlılığın vurğulanması, eləcə də dəniz nəqliyyatı sahəsində əsas tənzimləyici orqan olaraq Beynəlxalq Dəniz Təşkilatının fəaliyyəti ilə bağlı maarifləndirmə işlərinin artırılması üçün seçilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən verilən məlumata görə, dünya ticarətinin həcminin 80%-i, dəyərinin isə 70%-i dəniz nəqliyyatı ilə daşımaların payına düşür.
Dəniz nəqliyyatı beynəlxalq ticarət və dünya iqtisadiyyatı üçün yeganə səmərəli və davamlı çatdırılma mexanizmidir və dünyanın hər bir yerində insanlar gündəlik həyatları ilə bağlı ehtiyaclarını ödəmək məqsədi ilə zəruri məhsulların daşınması sahəsində dəniz nəqliyyatına etibar edirlər.
Müasir dünyanın tələblərinə cavab verən məhsulların yüksək miqyasda ixracı və idxalı prosesini dəniz nəqliyyatı olmadan təsəvvür etmək çətindir.
Hal-hazırda daşımaların hər növünü beynəlxalq səviyyədə həyata keçirən 50 mindən çox ticarət gəmisi mövcuddur. 150-dən çox dəniz dövlətində qeydiyyatda olan dünya dəniz donanması demək olar ki, hər bir milliyətdən olan milyondan artıq dənizçi ilə təmin olunmuşdur.
Son 50 ildən artıq müddətdə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən dəniz təhlüksəziliyi, dəniz ətraf mühitinin mühafizəsi, hüquqi məslələlər və digər sahələri əhadə edən beynəlxalq qaydaların hərtərəfli mexanizmi hazırlamış və qəbul edilmişdir. Bu tənzimləyici mexanizm sayəsində dəniz nəqliyyatı artıq əhəmiyyətli dərəcədə təhlükəsiz və səmərəli bir sahəyə çevrilmişdir.