TAP-ın Albaniya hissəsində tikinti işlərinə başlanıb

1110

Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya hissəsində tikinti işlərinə başlanıb.

“Report”a “TAP-AG”dən verilən məlumata görə, bu gün bu münasibətlə Fier şəhəri yaxınlığında Albaniyanın baş naziri Edi Rama, energetika və sənaye naziri Damian Qjiknuri və TAP-ın icraçı direktoru Yan Bredşounun iştirakı ilə mərasim keçirilib.

Yerli hakimiyyət nümayəndələri və digər səhmdarların da iştirak etdiyi mərasimdə baş nazir və energetika naziri Albaniya üçün layihənin əhəmiyyətini vurğulayıblar. Ölkənin ən böyük xarici investisiyalarından biri olaraq TAP-ın ölkənin enerji sektoruna müsbət təsiri olacağı və digər xarici investisiyaların da cəlbinə kömək edəcəyi qeyd olunub.

TAP-ın icraçı direktoru TAP-ın son illərdə böyük inkişaf nümayiş etdirdiyini qeyd edib və Albaniya hökumətinə layihəyə dəstək və əməkdaşlıq üçün təşəkkür edib.

Albaniyada bugünədək 12 km boru düzülüb, 8 km boru qaynaq edilib. Boruların 56%-i çatdırılıb, keçid yolları və körpülərin 94%-dən çoxu tamamlanıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), “Snam S.p.A.” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləri çıxış edir.