“Bulla-dəniz” yatağı üçün yeni özül layihələndirilir

930

“Azneft” İstehsalat Birliyi N.Nərimanov NQÇİ-nin istismar etdiyi “Bulla-dəniz” yatağı üçün yeni 18 nömrəli stasionar dəniz özülünün inşası nəzərdə tutulur.SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir. 1 ədəd kəşfiyyat və 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 21 metr dərinliyində yerləşdiriləcək. Özüldə yaşayış və qazma sahələri, ən müasir qazma avadanlığı, vertolyot, minik və gəmi yanalma meydançaları, bioloji təmizləmə və Əks-osmos qurğuları, qaldırıcı kranlar, neft və qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yanğınsöndürmə sistemi, dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaqdır. Özüldə maye və qaz xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək, ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir. Qeyd edək ki, kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadının V və IV tektonik blokunda məhsuldar qatın VIII horizontunun karbohidrogen ehtiyatlarını mənimsəmək məqsədi ilə qazılacaqdır.

Özüldən sutkada 2 500 000 kubmetr qaz və 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulmuşdur.