Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yeni unikal Ro-Pax/Bərə tipli gəmilər istifədəyə verəcək.

1371

Oktyabrın 26-da Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə 2 ədəd unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilmişdir.
Son 1 ildən artıq müddətdə həm vaqon, həm də TİR götürmək imkanına malik unikal gəmi konsepsiyasının hazırlanması üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bir neçə tanınmış layihə-konstruktor büroları ilə iş aparmış və nəticədə Odessa Dəniz Mühəndisliyi Bürosunun hazırladığı təklif üzərində dayanılmışdır. Gəmiçilik tərəfindən bu büronun aparıcı mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparılmış, Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TİR) tutumlu Ro-Pax/Bərə tipli gəminin eskiz və texniki layihəsi hazırlanmışdır.
Yeni bərələrin layihəsi son texnoloji yeniliklər nəzərə alınmaqla hazırlanmışdır və nəinki Xəzər regionu, dünyada ilk olan bu tip gəmilərin tikintisi Bakı Gəmiqayırma Zavodunda həyata keçirləcəkdir.
Yeni gəmi-bərələr ölkəmiz üzərindən artan tranzit yüklərin vaxtında daşınmasına, Azərbaycanın regionda nəqliyyat-loqistika qovşağına çevrilməsinə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xidmət edəcəkdir.