Gəmiçiliyə daha bir beynəlxalq sertifikat təqdim edildi

419

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan “Amerika Gəmiçilik Bürosu”nun (ABS) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də keçirdiyi illik audit yekunlaşıb. Oktyabrın 31-dən başlayan audit nəticəsində keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair Gəmiçilikdə tətbiq edilən İnteqrasiya olunmuş İdarəetmə Sisteminin (İİS) İSO beynəlxalq idarəetmə standartlarına uyğunluğu müvafiq sertifikatla təsdiq olunub. Yeni sertifikatla İnteqrasiya olunmuş İdarəetmə Sisteminin tanker, quruyük daşıyan və Ro-Ro tipli gəmilərlə yanaşı, yedək-təchizat və kran gəmilərində də tətbiqi təsdiqlənib.

Sertifikatı Gəmiçiliyin rəhbərliyinə ABS-in auditoru Angenilas Emanuil təqdim edib. ABS-lə əməkdaşlığı yüksək qiymətləndirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bu sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.Rauf Vəliyev Gəmiçiliyin fəaliyyət istiqamətləri, görülən işlər və qarşıda düran vəzifələrdən də ətraflı söhbət açıb. Bildirib ki, istər donanmaların, istərsə də sahil müəssisə və təşkilatlarının işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılması, bunun üçün xarici şirkətlərlə sıx əməkdaşlıq Gəmiçiliyin daha çox önəm verdiyi məsələlərdir. Görüşdə həmçinin audit zamanı aşkarlanan mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində də fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 2015-ci ildə də “Amerika Gəmiçilik Bürosu” təsnifat cəmiyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnteqrasiya olunmuş İdarəetmə Sisteminin İSO beynəlxalq idarəetmə standartlarına uyğunluğunu təsdiqləmək üçün aidiyyəti departamentlərdə və müxtəlif gəmilərdə sertifikatlaşma üzrə xarici audit aparmış, nəticədə Gəmiçiliyə 5 illik müddəti olan sertifikat təqdim etmişdir.

ser01