Bu gün Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2016” sərgisi açılıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA (International Dialogue for Environmental Action – Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəklədiyi sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
Sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Təşkilatçılar bildirir ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil edilən ən iri tədbirdir. Burada ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə sahəsində innovativ layihələr kompleks şəklində təqdim edilir.
“Caspian Ecology 2016” 14 ölkədən, o cümlədən Azərbaycan, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya və sair ölkələrdən 62 şirkəti bir məkana toplayıb.
Müxtəlif sərgilərdə iştirak edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Caspian Ecology 2016” sərgisində də bu il öz stendini təqdim edib. Bu dəfə də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin stendi qonaqların xüsusi marağına səbəb olmuşdur. Stendimizdə yer almış maketlər, şəkillər, videoçarx qonaqlara Gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verir, ətraf mühitin mühafizəsi istiqamətində aparılan bir çox digər mühüm işlərin, o cümlədən üzən vasitələrdə, sahil obyektlərində formalaşan bərk və maye istehsalat, məişət-təsərrüfat tullantılarının toplanması, saxlanması, daşınması, təhvili, utilizasiyası və təkrar emalı kimi ekoloji proseslərin Gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş etdirilir.
Üç gün davam edəcək “Caspian Ecology 2016” beynəlxalq sərgisi işgüzar əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə, yeni avadanlıq və sahəvi meyillərlə tanışlığa kömək edəcək, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işə əlavə təkan verəcək.