“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa İttifaqının (Aİ) dəstəyi ilə “Azad Ticarət Zonası sahəsində Bakı Limanına dəstəyin göstərilməsi adlı texniki yardım layihəsinin açılışı və Azad Ticarət Zonaları (ATZ) mövzusunda seminar keçirib.

567

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa İttifaqının (Aİ) dəstəyi ilə “Azad Ticarət Zonası sahəsində Bakı Limanına dəstəyin göstərilməsi adlı texniki yardım layihəsinin açılışı və Azad Ticarət Zonaları (ATZ) mövzusunda seminar keçirib.
Texniki Yardım layihəsinin məqsədi Bakı Limanına ATZ sahəsində Aİ-nın ən qabaqcıl dəstəyinin göstərilməsi, kadrların hazırlanması və təlim ehtiyacları, habelə liman əməliyyatlarında qabaqcıl Aİ praktikasının tətbiqində dəstəyin göstərilməsidir.
100-ə yaxın iştirakçını əhatə edən tədbirin məqsədi iştirakçılara layihə ekspertlərinin təqdimatında Aİ təcrübələrinin nümayiş etdirilməsi və ATZ-lər sahəsində fikir mübadiləsi aparmaqdır.
Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Bakı Limanı və ATZ-nin qurulması Avropa İttifaqına daxil olan ölkələrlə ticarət dövriyyəsinə ciddi təsir göstərəcək. Belə ki, nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı və sair sahədə ixtisaslaşan Avropa şirkətlərinin ATZ-dən faydalanması, özündə böyük bazarlara çıxışı ihtifa edən zonada istehsal sahələrinin qurulmasını mümkün edəcək.
Taleh Ziyadov vurğulayıb ki, nəzərdə tutulan işlərin reallaşdırılması cənab Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, yeni elm tutumlu istehsalların yaradılması və regionların inkişafına dair siyasətinin bir hissəsidir.
Təlimin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard bildirib ki, sözügedən layihə 1 il müddətində icra olunaraq, Bakı Limanına Aİ-nin qabaqcıl təcrübəsinin tətbiqinə dəstək göstərəcək. Xanım Səfir həmçinin 25-26 may tarixlərində Bakıda keçirilən uğurlu TAIEX tədbirindən danışaraq, Bakı Limanının Aİ ilə əməkdaşlıqda böyük perspektivlərin olduğunu vurğulamış hazırda gələcək layihələr üzərində işlərin aparıldığını bildirmişdir.
Tədbirdə çıxış edən Texniki Yardım layihəsinin rəhbəri Toni Restall Yeni Bakı Limanın və Ələt Azad Ticarət Zonasının əməliyyat imkanlarının yaxşılışdırılmasına dəstək mövsuzunda təqdimat edib. Qeyd edək ki cənab Restall Development Services International, Ltd-nin Prezidentidir və eyni zamanda Azad Zona və İqtisadi İnkişaf üzrə beynəlxalq səviyyəli ekspertdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 17 mart 2016-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixində məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti arasında müqavilə imzalanıb. DP World 1985-ci ildən fəaliyyət göstərən Jəbəl Əli limanı və Sərbəst Zonanı (JAFZA), dünya üzrə daha 50 ölkədə 77 quru və dəniz terminallarını idarə edir. Müqaviləyə əsasən məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökumətinə və Bakı Limanına məsləhətlər verəcək.