Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın I/6-cı qaydasının tələbləri əsasında cari ilin 14-18 noyabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının “Təlimatçılar üçün hazırlıq kursu” adlı 6.09 model kursuna və 22-25 noyabr tarixlərində “Trenajor təlimatçıları və qiymətləndiriciləri üçün təlim” adlı 6.10 model kursuna uyğun olaraq təlimlər keçirilmişdir.
Xatıqladaq ki, 2015-ci ilin 16 noyabr tarixindən həyata keçirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirmək məqsədi daşıyır.
Qeyd edilən kurslarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndələri, SOCAR-ın Tədris, Təlim və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhimdar Cəmiyyəti və onun Təlim mərkəzinin, “AZPİLOT LLC”, “Occupational Training İnstitute” Təlim mərkəzlərinin əməkdaşları iştirak etmişdirlər.
Təlimlər zamanı, Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər — İspaniya hökümətinin Ticarət Dənizçiliyi üzrə Baş Direktoratlığının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq konvensiya üzrə texniki məsələlər üzrə məsləhətçilsi cənab F.Kollado və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiya üzrə Təlim Mərkəzinin nəzarətçisi və auditoru cənab P.Gonzalez tərəfindən Beynəlxalq Dəniz Təşkilatının “Təlimatçılar üçün hazırlıq kursu” adlı 6.09 model kursuna uyğun olaraq iştirakçılara təlimatçıların təlim keçmə üsulları, tədrisin planlaşdırılması, təşkili və əlverişli təlim mühitinin yaradılması, metodikası, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin ümumi prinsipləri haqqında məlumat verilmişdir.
Həmçinin Beynəlxalq Dəniz Təşkilatının “Trenajor təlimatçıları və qiymətləndiriciləri üçün təlim” 6.10 model kursuna uyğun olaraq trenajor mərkəzlərində təlimatçılar üçün tədris prosesinin təşkil olunması qaydaları, nəzarət qaydaları və dinləyicilərin qiymətləndirməsi prosedurları, trenajorların xüsusiyyətləri və tipləri haqqında məlumat verilmiş və onlara trenajor mərkəzlərində praktiki təlimlər keçirilmişdir. İştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmış və model kurslara uyğun olaraq test tapşırıqları yerinə yetirilmişdir.
Sonda təlimlərdə iştirak edən əməkdaşlara müvafiq sertifikatlar təqdim edilib.