Dekabrın 6-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub.
“Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayevlə görüş zamanı mühüm tədbirə dəvətinə görə öz təşəkkürünü bildirən Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi arasında ən qısa yolun ölkələrimizin ərazisindən keçməsi hər iki ölkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir. İstər Azərbaycanda, istərsə də Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yaxınlarda inşaası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası üçün geniş imkanlar yaradır.
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Öz növbəsində “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev də Gəmiçiliklə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın eyni zamanda nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib.
Danışıqlardan sonra Rauf Vəliyev və Kanat Alpısbayev iki qurum arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar. Strateji əməkdaşlıq haqqında müqaviləyə əsasən tərəflər nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlb edilməsi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma, gəmi təmiri, yükaşırma və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəliblər.
Qazaxıstana səfəri çərçivəsində Gəmiçiliyin sədri Rauf Vəliyev bu ölkənin baş nazirinin birinci müavini Askar Maminlə də görüşüb. Görüş zamanı iki ölkə arasında birgə həyata keçirilən nəqliyyat layihələrindən danışılıb. Bildirilib ki, hər iki ölkə prezidentinin müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu əməkdaşlıq siyasəti münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir. Tərəflər yaxın gələcəkdə reallaşması nəzərdə tutulan birgə nəqliyyat layihələri, bu layihələrin hər iki ölkənin iqtisadiyyatına verəcəyi töhfələr haqqında da müzakirələr aparıblar.
Sonra Gəmiçiliyin nümayəndə heyəti Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilən “Sənayeləşdirmə Günü” tədbirində iştirak edib. Telekörpü vasitəsilə tədbir iştirakçılarına Qazaxıstanda başa çatdırılan müxtəlif infrastruktur layihələri, o cümlədən “Almatı – Şu istiqamətində ikinci dəmiryol xətti” və “Kurık bərə kompleksi” təqdim edilib və istismara verilib.
Kurık limanında istismara verilən yeni bərə kompleksindən yüklərin vaqonlardan boşaldılmadan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, ordan isə Avropaya daşınması mümkün olacaq. Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 4 milyon ton yükün aşırılmasına imkan yaradacaq. Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni zamanda limanda suyun dərinliyinin böyük tutumlu gəmilərin yan alması üçün münasib olması gələcəkdə bu limandan ən müxtəlif təyinatlı yüklərin yola salınması və qəbuluna imkan verir. Bu kompleks Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə artan konteyner həcmlərinin qarşılanmasında mühüm rol oynayacaq. Buradan Azərbaycan istiqamətində səfərlər zamanı mövcud və yeni bərələrdən istifadə olunacaq.
Qeyd edək ki, bu günə kimi Qazaxıstan ərazisindən tranzit yükdaşımaları yalnız Aktau limanından həyata keçirilirdi. Aktau limanının yük aşırma imkanlarının məhdud olması və eyni zamanda limanın coğrafi yerləşməsi, onun küləklərin birbaşa təsirinə məruz qalması yükdaşımalara mənfi təsir göstərirdi. Yeni Kurık bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı Limanına daha yaxın məsafədə yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq.
Kurık limanından ilk yola salınan Gəmiçiliyin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gəmi-bərəsi Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik 2016-cı ilin oktyabr ayında daha 2 unikal Ro-Pax tipli gəmi-bərənin tikintisini Bakı Gəmiqayırma Zavodunda sifariş verib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması heç bir maneə olmadan həyata keçiriləcək. Bərələrin sayının artırılması həm də Azərbaycanın regionda nəqliyyat-loqistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.