Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

405

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə  İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (Korporasiya) arasında Anlaşma Memorandumu imzalanıb.
Müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi imzalayıblar.
Əməkdaşlığın əsas məqsədlərindən biri  Bakı Limanı və Ələtdə yaradılan Azad Ticarət Zonasının (ƏATZ)  potensial imkanlarının öyrənilməsi və özəl sektor iştirakçılarının ƏATZ-yə cəlb olunması imkanlarının araşdırılmasıdır.
“Bakı Limanı və onun ətrafında qurulmaqda olan ATZ Avrasiyada regional mərkəzini yaratmaq istəyən qlobal özəl şirkətlər üçün bir logistik mərkəz kimi fəaliyyət göstərəcək. Əlverişli biznes mühiti və Azərbaycanın Rusiya, İran, Türkiyə və Mərkəzi Asiya kimi zəngin və insan axınlarının sıx olduğu qonşu ölkələrlə yaxınlığı potensial xarici investorlar üçün Bakı Limanını ideal seçimə çevirir” deyə  Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib.
“Bakı limanı ilə əməkdaşlıq zamanı biz potensial investorları cəlb etmək üçün qarşılıqlı səylərimizi daha da gücləndirərək və eyni zamanda Bakı Limanı və yaradılacaq Azad Ticarət Zonasına Korporasiyaya üzv ölkələrdən olan qlobal özəl sektor iştirakçalarının cəlb olunması potensialını müzakirə edəcəyik” deyə Korporasiyanın İcraçı direktoru, Xalid Məhəmməd Əl Əbudi bildirib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 17 mart 2016-ci il tarixində Bakı şəhərindən 70 km cənubda Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixində məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti arasında müqavilə imzalanıb. ATZ-nin 2017-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.