12 dekabrda Azərbaycan Dövlət Dəniz Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin akademiyanın foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyublar. Akademiyanın professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan rektor Çingiz Əliyev türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, titanik fəaliyyətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Ümummilli liderin elm, təhsilin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Müqəddəs təhsil ocağı olan Azərbaycan Dövlət Dəniz Akademiyasının da H.Əliyev dühasının uzaqgörən siyasətinin nəticəsi olaraq yarandığını qeyd edən rektor bu gün akademiyanın Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunmasını Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin bariz nümunəsi olduğunu xüsusilə vurğuladı.
Ulu Öndərin misilsiz həyat fəaliyyətini əks etdirən video-filmin nümayişindən sonra akademiya tələbələri “Heydər Əliyev və gənclər strategiyası”, “Dünya Heydər Əliyev dühası haqqında” mövzularında çıxışlar edərək müasir Azərbaycan gəncinin böyük liderin gənclər siyasətinə sadiqliyini bir daha nümayiş etdirdilər. Daha sonra rektorun müşaviri Vüqar Sadıxov “Heydər Əliyev və Azərbaycanda gəmiçilik” mövzusunda çıxış edərək H.Əliyevin dənizçilik sahəsindəki xidmətlərindən söz açdı.
Tədbir Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş əsərin nümayişi ilə yekunlaşıb.
İnformasiya-resurs mərkəzi 12 dekabr 2016-cı il