İsveç “Şimal axını-2” boru kəmərinin tikintisinə etiraz edir

297

Rusiya qazını Baltik dənizi vasitəsilə Avropa İttifaqı ölkələrinə çatdıracaq “Şimal axını-2” boru kəməri layihəsinin icrası çətinliklə üzləşib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin Qotland bölgəsinin müvafiq orqanları və Karlshamn bələdiyyəsi təhlükəsizlik məsələlərini əsas gətirərək müvafiq limanların – Alite və Karlshamn – istifadəsi ilə bağlı razılaşmadan imtina etmək qərarına gəlib. Bu limanların layihə üzrə boruların saxlanması üçün istifadəsi nəzərdə tutulurdu.

Layihənin idarəetməsini həyata keçirən İsveçin “Nord Stream 2” şirkəti bildirib ki, hər iki liman layihə üzrə kommersiya maraqlarını bildirib.

Buna baxmayaraq, yerli nümayəndələr bu həftə məsələnin müzakirəsi ilə bağlı Xarici İşlər və Müdafiə nazirliklərində görüş keçirib. Görüşdən sonra isə onlar öz mövqelərini dəyişib.

Şirkətdən bildirilib ki, qərar qəbul olunarsa, layihə üzrə boruların təchizatını həyata keçirən “Wasco Coatings GmbH.” şirkəti limanların istifadəsi ilə bağlı müqavilə imzalamaq imkanından məhrum olacaq.

İsveçin hər iki bələdiyyəsi limanlardan istifadənin qadağan edilməsi ilə bağlı qərar qəbul edərsə, “Nord Stream 2” və podratçı “Wasco Coatings” Baltik dənizində alternativ logistik obyektləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Rusiyanın “Qazprom”, Almaniyanın “E.ON SE” və “BASF SE/Wintershall Holding GmbH.”, həmçinin “Royal Dutch Shell Plc.” (İngiltərə-Hollandiya), “OMV AG” (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” layihəsinin səhmdarları qismində çıxış edir.