Müdafiə Nazirliyi , Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Mətbuat Xidmətlərinin birgə məlumatı

736

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən hadisə nəticəsində itkin düşənlərin axtarışının daha da sürətləndirilməsi və axtarış ərazisinin genişləndirilməsi, eləcə də bu işlərə cəlb olunmuş dövlət qurumları arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyində Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilmişdir.
Toplantıda yuxarıda qeyd olunmuş məqsədlərin həyata keçirilməsi üçün Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Qərargah yaradılması qərara alınmışdır.
Yaradılmış Qərargah tərəfindən hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü  axıntılarının istiqaməti və sürəti təhlil olunaraq, Qərargahda təmsil olunan qurumların sahilboyu, dənizdən və havadan səfərbər olunan qüvvələrlə müəyyən edilmiş koordinatlarda əməliyyatların davam etdirilməsi təmin olunmuşdur.
Eyni zamanda adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və  Xəzəryanı dövlətlərin eyniadlı Milli Mərkəzləri ilə mütəmadi olaraq məlumat mübadiləsi aparılmaqdadır.
Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.