“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə baş verən gün mövcud hidrometeoroloji vəziyyət, küləyin istiqaməti hər gün olduğu kimi bu gün də mütəxəssislər tərəfindən bir daha təhlil olunub və estakadının dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi davam etdirilməklə, axtarış – xilasetmə əməliyyatlarının həyata keçirildiyi ərazidə suüstü və sualtı maneələr, çox sayda yaşayış olmayan kiçik adaların mövcud olduğu nəzərə alınaraq, qeyd olunan istiqamətlərdə sualtı və suüstü axtarış – xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib. Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış – xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirməkdədir.