Mahaçqala (Xəzər dənizi, Rusiya) limanında təmirlə əlaqədar olaraq Azərbaycandan neft nəqli dayandırılıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin bildirib.
Onun sözlərinə görə, Mahaçqala limanında neftin tankerlərdən boşaldılmasını “Daqnefteprodukt” ASC dayandırıb (limanda neft ASC-nin rezervuarlarına qəbul olunur).
“Şirkət “Çernomortransneft” şirkətinə yanvarın 9-da göndərdiyi məktubda ağır neft məhsulları sexində təmir işlərinin aparılması ilə əlaqədar neftin yüklənməsinin 3 gün gecikəcəyini bildirib. Lakin təmirin neftin yüklənməsi ilə bağlılığı izah edilmir. Bununla bağlı olaraq Azərbaycandan (“Şirvanovka” stansiyası) neft nəqli dayandırılıb”, – deyə o bildirib.
İ.Demin qeyd edib ki, digər bütün limanlarda işlər qaydasındadır: “Novorossiysk limanında gündəlik qrafikdən 3 istiqamətdə geriləmə qeydə alınıb. Kozmino, Ust-Luqa və Pirmorsk limanları qrafikə uyğun işləyir”.