“Petlim” konteyner limanı layihəsinin II fazası bu ilin iyun ayında istismara veriləcək. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib: “İki fazadan ibarət, 380 mln. dollar dəyəri olan “Petlim” limanının ilk fazası istismara verilib. Bu liman Egey dənizi hövzəsində ən böyük tutumlu limandır. I faza üzrə həftənin 5 günü xidmət göstərilir”.
Qeyd edək ki, ötən il dekabrın 6-da “Petlim” konteyner limanına ilk konteyner gəmisi daxil olub. Bununla “Petlim”in I fazası fəaliyyətə başlayıb. I faza 2015-ci ilin sonunda tamamlanaraq “APM Terminals” şirkətinin idarəçiliyinə təhvil verilib. I fazada terminalın tutumu 800 min TEU təşkil edir. Hazırda II fazanın inşaat işləri həyata keçirilir.
Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan “Maersk”in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub.
Şirkətin baş direktoru “Petkim” neft-kimya kompeksindən də danışaraq qeyd edib ki, hər il kompleksə 150 mln. dollar sərmayə yatırılır. Onun sözlərinə görə, əgər bu investisiyalar olmazsa, “Petkim”in bazar payı 17%-dən 10%-ə düşər. Z.Qəhrəmanov neft-kimya sahəsində yeni imkanlara baxıldığını da əlavə edib: “Ortaq yatırım də ola bilər. “STAR” neft emalı zavodu istehsala başladıqda böyük miqdarda xam maddə istehsal olunacaq. Bunu ya xam maddə kimi satacağıq ya da yeni bir neft-kimya məhsulu istehsal edəcəyik. Bu məsələyə baxırıq”.
Qeyd edək ki, “Petkim Holding” 1951-ci ildə 250 mln. lirə sərmayəsi ilə qurulub. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili, bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.
“Petkim” Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısıdır.