Azərbaycanın magistral qaz kəmərləri ilə 2016-cı ildə ümumilikdə 21 348,2 mln. kubmetr qaz nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 0,8% artım müşahidə olunub.
Qazın nəqlinin 33,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 145,1 mln. kubmetr qaz ötürülüb. Bu boru kəməri ilə nəql olunan qazın həcmi 2015-ci illə müqayisədə 7,5% artıb.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır.