Birinci kurs tələbələrinin istehsalatla ilk tanışlığını təmin etmək məqsədilə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr 2017-ci ilin yanvar ayının 16-dan 25-dək sözügedən mərkəzdə “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” üzrə təlimlər keçiblər. Təlimlər zamanı tələbələr dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar.
İstehsalat təcrübəsinin son günü təlimləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin müdiri Sadir Əliyev izləyiblər.
Qeyd edək ki, BANM və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində həyata keçirilən təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində həyata keçirilir.