Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun gələcək işlənməsi üzrə Hasilatın Pay Bölgüsü (PSA) sazişi bu ilin ortalarında imzalana bilər.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib.
O, ötən ilin dekabrnda layihə üzrə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə niyyət məktubunun imzalanmasını xatırladıb və deyib ki, təmsil etdiyi şirkət bundan çox məmnundur: “Bu, AÇG üzrə yeni PSA-nın imzalanması istiqamətində atılmış çox böyük addımdır. Çox ümidvarıq ki, bir neçə aya SOCAR-la danışıqları yekunlaşdıracağıq və təxminən bu ilin ortalarında həmin sazişi imzalamaq mümkün olacaq”.
Q.Birrell layihə üzrə planların, sxemlərin hazır olduğunu bildirib, lakin PSA imzalanmadığından detallarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.
Bu razılaşma “AÇG” blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. ABƏŞ səhmdarları BP, “Chevron”, “İnpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “İtochu” və “ONGC Videsh” şirkətləridir.
Niyyət məktubu Azərbaycanın adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından Qordon Birrell imzalayıb.
Qeyd olunub ki, niyyət məktubu “AÇG” yataqlar blokunun gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
“AÇG” Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.
“AÇG” blokunun işlənməsi üçün mövcud PSA 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb.
“AÇG” blokunda 6 hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. Hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarına ixrac edilir.
BP şirkəti ABƏŞ və “AÇG” üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.