BP: “2016-cı il AÇG layihəsi üçün uğurlu il olub”

1349

“Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üçün çox uğurlu il olub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib.

“İlk olaraq əməyin təhlükəsizliyini qeyd etmək istəyirəm. Bu baxımdan 2016-cı il  AÇG üçün son dərəcə uğurlu il olub. Yüksək səviyyədə əməyin təhlükəsizliyi nailiyyətləri əldə olunub. AÇG-də əldə etdiyimiz göstəricilər BP-nin dünya üzrə göstəricilərinin ən yüksəklərindən biridir”, – deyə o, qeyd edib.

Q.Birrellin sözlərinə görə, 2016-cı il ətraf mühitin qorunması baxımından da uğurlu keçib və 2015-ci ildəki vəziyyəti üstələyib: “Burada əsasən məşəldə yandırılan qaz nəzərdə tutulur. Ötən il onun həcmi xeyli azaldılıb”.

Q.Birrell yataqlar blokunda hasilat baxımından da ötən ili uğurlu adlandırıb. O deyib ki, hasilatın həcminin mümkün qədər sabit saxlanılmasına çalışılıb. Onun sözlərinə görə, 2016-cı ildə laylara daha çox səmt qazı vurulub ki, təzyiq saxlanılsın: “Laylara vurulan səmt qazının həcmi artırıldığından təzyiqi saxlamağa nail olmuşuq və hasilat da uğurlu olub. Tezliklə ötən ilin hasilat göstəriciləri açıqlanacaq. 2016-cı il gözlədiyimizdən də uğurlu il olub”.

Q.Birrell bu ilin planına nail olmaq üçün bir sıra işlər görüldüyünü vurğulayıb. O qeyd edib ki, bu il AÇG-də ötən ilki qədər yeni quyular qazılacaq. “AÇG-nin laylarında ildən-ildən yeni quyular qazmaq çətinləşir, çünki yeni quyuları platformalardan xeyli kənara çıxmaqla qazırıq. Belə quyuların qazılması çətindir, ona görə də bu il daha çox işləməliyik və yeni texnologiyalar tətbiq etməliyik”- BP rəsmisi vurğulayıb.