ABŞ-da xam neft ehtiyatları 2-8 fevral həftəsində proqnozu 6 dəfəyə yaxın üstələyərək 2,5 mln. barel əvəzində 14,23 mln. barel artıb. “Report” “İnvesting.ru” saytına istinadən xəbər verir ki, bu məlumatı Amerika Neft İnstitutu (APİ) yayıb.
Xatırladaq ki, APİ-nin hesabatı bu gün, fevralın 8-də ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanacaq rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur.
EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 2,529 mln. barel, benzin ehtiyatları 1,071 mln. barel, distillat ehtiyatları isə 0,3 mln. barel artmalıdır.
Qeyd edək ki, APİ-nin hesabatı dünən, fevralın 7-də “Brent” markalı neftin qiymətinin 2,5% azalaraq 54,58 dollar/barelə qədər geriləməsinə səbəb olub. Bu gün açıqlanması gözlənilən EİA hesabatı və fevralın 10-da “Baker Hughes” şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək.
“Report”un analitik qrupu hesab edir ki, neft qiymətlərinin bu gün də azalma trendinə davam etməsi gözlənilir. “Brent” markalı neftin qiyməti 50 dollar/barelə qədər geriləyə bilər. Lakin, neft qiymətlərinin yaxın perspektivdə 45 dollar/bareldən aşağı düşəcəyi proqnozlaşdırılmır. Maksimum isə qiymətlər 65 dollar/barelə kimi yüksələ bilər.