“Dağıstan” bərəsi modernləşdirilir

1333

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dağıstan” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb.

Hazırda “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş  iki köməkçi mühərriki   “Hyundai” markalı mühərriklərlə əvəzlənib.  1000 kilovat gücündə olan təzə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir.Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir.

Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş  mühərrikləri də yenilənir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri Finlandiyadan sifariş edib.  “Vartsila” markalı W32 baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.

Təmir zamanı “Dağıstan” gəmi-bərəsinin bütün  idarəetmə sistemləri dəyişdirilərək daha müasirləri ilə əvəz edilir.   Hazırda   yanacaq yandırma  sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir.  Bundan başqa,  pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları  da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi –  yağ, su, balast sistemləri və sair  əsaslı təmir olunur.

Gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və  sualtı hissələri də təmir olunandan sonra  rənglənəcək.

Görüləcək təmir işləri bərənin  yanacaq sərfiyyatını  35 faizə qədər  azaltmağa imkan verəcək. Yekunda yeni avadanlıqların sərfiyyatını dəqiqləşdirmək məqsədi ilə gəmi sınaqdan keçiriləcək. Bərə əvvəlki kimi,  Xəzərin sularında 12-14 uzellə səfərlərini davam etdirəcək.

Məlumat üçün bildirək ki, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib.  Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil,  üst göyərtə isə vaqon daşımaq  üçün nəzərdə tutulub.

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.